...

Siyasi məhbus problemləri üzrə şuranın təqdimatı keçirilib

Cəmiyyət Materials 17 Oktyabr 2005 15:23 (UTC +04:00)

Oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "Siyasi Məhbus Problemləri üzrə Şura"nın təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, tədbirdə yeri qeyri-hökumət təşkilatları ilə bərabər, Bolqarıstan, Latviya və Estoniyalı ekspertlər də iştirak ediblər. "Siyasi məhbus" probleminin həllinə aydınlıq gətirmək məqsədi ilə "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu, Azərbaycandakı "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi, Bolqarıstandakı "Məhbusların Reinteqrasiyası Assosiasiyası" ilə birlikdə "siyasi məhbus" məsələsinə vətəndaş nəzarəti mexanizminin işlənməsi layihəsinin monitorinqini keçirməyə başlayıblar.

Bu ilin iyun ayında 7 yerli QHT "Siyasi məhbus problemləri üzrə Şuranı" təsis edib. Şuranın əsas məqsədi Azərbaycanda siyasi məhbuslara münasibətdə obyektiv və ədalətli rəyin formalaşdırılmasından, həmin şəxslər müəyyən edildikdə isə, bu barədə səlahiyyətli hakimiyyət orqanlarını məlumatlandırmaqdan, onların pozulmuş huquqlarının bərpasından və siyasi məhbus problemi ilə məşğul olan milli, xarici və beynəlxalq təşkilatlarla, eləcə də dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində onların azad edilməsinə nail olmaqdan ibarətdir.

Bununla əlaqədar, Şuranın müstəqil hüquqşünaslardan ibarət ekspert qrupu yaradılıb. Monitorinq zamanı Avropa Şurasına "siyasi məhbus" kimi təqdim edilmiş 80 nəfərin cinayət işləri hərtərəfli araşdırılıb və onların hər biri barədə rəy verilib. Monitorinqin ilkin nəticələri ictimaiyyətin və Avropanın 9 ölkəsinin 22 ekspertinin rəyinə verilib. Onlar yerli ekspertlərin verdikləri rəylərin düzgün və obyektiv olduğunu təsdiqləyiblər.

Monitorinq zamanı məsuliyyətə cəlb edilənlərin hər birinin cinayət əməli faktlarla sübüt edilib. Ekspertlər qrupunun mövqeyinə görə, onların siyasi motivlərə görə məhkum olunduqlarını təsdiqləmək əsassızdır. Ekspert qrupunun üzvləri cinayət işlərini araşdırarkən Azərbaycanın 13 vətəndaşının qeyri-qanuni məhkum olunduğunu aşkara çıxarıblar. Nəticədə həmin 13 məhbus əfv olunaraq cəza çəkməkdən azad olunub.

Sıralarında 50-dən çox qeyri-hökumət təşkilatını birləşdirən Şura "siyasi məhbus" adlandırılanların cinayət işlərinin monitorinqini davam etdirir və onların hər biri barədə konkret obyektiv rəy hazırlayacaq. Bundan əlavə, Şura cəzaçəkmə müəssisələrində məhbusların, müvəqqəti təcridxanalarda olanların saxlanma şəraitinin qanuna uyğunluğu, məhkəmə orqanlarında vətəndaşların hüquqlarına riayət olunması, siyasi tədbirlər keçirmək üçün icra hakimiyyəti orqanları tərəfindən müraciətlərə baxılması monitorinqini keçirmək niyyətindədir. Qanunvericilik aktlarının təhlili,onların Avropa standartlarına uyğunluğu,habelə "siyasi məhbuslar" barədə Ümumavropa konvensiyası layihəsinin işlənməsi üçün Şuranın elmi-ekspert komissiyasını yaratmaq da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti