...

Nazim İbrahimov Türkiyə KİV-lərinə müsahibəsində Azərbaycan hökumətindəki kadr dəyişikliklərinə münasibət bildirib

Cəmiyyət Materials 21 Oktyabr 2005 15:51 (UTC +04:00)

"Azərbaycan nazirlərinin vəzifələrindən uzaqlaşdırılması prezidentin istəyi ilə baş verir və bu, normal prosesdir. Azərbaycanda dövlət məmurlarının çoxu 10 ildən artıqdır ki, bu vəzifələrdə çalışırlar. Ola bilsin, onların bəzilərinin seçkilərdən sonra vəzifələrindən azad olunması nəzərdə tutulmuşdu. Amma bu, normal proses olduğundan, nazirlərin dəyişdirilməsi əvvəldən gözlənilən idi". Trend in məlumatına görə, bu fikirləri Türkiyədə səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Kanal-7"yə verdiyi müsahibəsində bildirib.

Türkiyənin bir neçə nüfuzlu telekanallarında canlı yayımda çıxış edən N.İbrahimov jurnalistlərin son günlər Azərbaycanda baş verən proseslərlə bağlı suallarını da cavablandırıb. O bildirib ki, Azərbaycanda nazirlərin vəzifədən çıxarılması prosesi davam edə bilər. Komitə sədri deyib ki, yüksək rütbəli məmurların dövlət çevrilişinə cəhd göstərməkdə günahlandırılması çox ağır və acınacaqlı bir haldır: "Ola bilər ki, bir nazir yolunu azıb və belə işlərdə iştirak edib. Güman edirəm ki, belə dövlət məmurları tez bir zamanda aşkarlayıb vəzifələrindən uzaqlaşdırılacaq və barələrində tədbirlər görüləcək", - deyə N.İbrahimov bildirib.

Müxalifət düşərgəsinin fəallaşması ilə bağlı sualları cavablandırarkən Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda məxməri inqilab təhlükəsi yoxdur. Çünki əlahinin 70 faizdən çoxu prezident İlham Əliyevi dəstəkləyir və ölkədə keçirilən müxtəlif sorğular da bunu təsdiqləyir. Onun fikrincə, ölkədə inqilabın baş verməsi bir halda mümkün ola bilər - yuxarılar hakimiyyəti idarə edə bilmir, aşağılar isə ona tabe olmaq istəmir. N.İbrahimov hesab edir ki, Azərbaycanda belə bir vəziyyət yoxdur.

Xəbər lenti

Xəbər lenti