...

23 oktyabr aksiyasında jurnalistlər heç bir təzyiq və maneələrlə üzləşməyiblər

Cəmiyyət Materials 24 Oktyabr 2005 13:23 (UTC +04:00)

Oktyabrın 23-də "Azadlıq" blokunun Nəriman Nərimanov metrosu ətrafında keçirdiyi izacəsiz aksiyası zamanı kütləvi informasiya vasitələri (KİV) nümayəndələrindən təzyiqlə üzləşən, xəsarət alan olmayıb. Bu məlumatı Trend ə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə Monitorinq Qrupunun rəhbəri İbrahim Məmmədli verib.

O bildirib ki, həmin gün Monitorinq Qrupunun 11 nəfər jurnalistdən və Daxili İşlər Nazirliyinin 3 nümayəndəsindən ibarət heyəti aksiyanın monitorinqini keçirərək onun işıqlandırılmasına cəlb olunmuş jurnalistlərin təzyiqlərlə, fiziki zorakılıqlarla üzləşib-üzləşmədiklərinin müşahidəsini aparıb. İbrahim Məmmədlinin sözlərinə görə, bu dəfəki aksiyada jurnalistlər öz peşə borclarını yerinə yetirərkən polislərin heç bir maneəsinə və təzyiqlərinə məruz qalmayıblar. İ.Məmmədli bildirib ki, bu sevindirici fakt Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi birgə fəaliyyətin nəticəsidir. O, növbəti aksiyalarda da Monitorinq Qrupunun öz fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Mətbuat Şurasının mətbuatla dövlət orqanları arasındakı problemlərin aradan qaldırılması üzrə Daimi Komissiyası fəaliyyət göstərir. Monitorinq Qrupu da həmin Komissiya nəzdində yaradılıb və bura ümumilikdə 20 nəfər jurnalist, 5 nəfər DİN nümayəndəsi daxildir.

Xəbər lenti

Xəbər lenti