...

Dövlətə xəyanət etmiş əsgərə 14 illik həbs cəzası təyin edilib

Cəmiyyət Materials 31 Oktyabr 2005 15:07 (UTC +04:00)

Oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən Zaur Veyisovun məhkəməsi yekunlaşıb. Bu barədə Trend ə məlumat verən hakim Məmmədbağır Zeynalov bildirib ki, sabiq əsgərə 14 illik həbs cəzası təyin edilib.

Məhkəmə zamanı müəyyən edilib ki, Tovuz rayonundakı N saylı hərbi hissədə qulluq etmiş əsgər Zaur Veysov erməni kəşfiyyatına işləməsi müqabilində düşməndən aldığı pulu hissə və tağım komandirləri ilə bölürmüş.

O, 2004-cü ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Qısa müddətdən sonra erməni hərbçilərinə əsir düşub. Düşməndə kəşfiyyat xarakterli əməkdaşlıqla bağlı yazılı iltizam verdikdən sonra azad edilib.

Əsgər xidmət etdiyi hərbi hissəyə qayıdandan sonra postda durduğu günlərdə hərbi əhəmiyyətli məlumatları düşmənə ötürməyə başlayıb. Tezliklə Zaur Veysovun əsgər yoldaşlarından biri bundan xəbər tutub, hərbi hissə komandiri Rəhim Məmmədşərifov və tağım komandiri Rüfət Bədirxanov bu barədə məlumatlandırılıb. Lakin komandirlər növbəti dəfə erməni hərbçilərinin Zaur Veysova verdikləri 1000 ABŞ dollarını onun əlindən almaqla əməllərini ört-basdır ediblər.

Əsgərin xəyanətkar əməllərini Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ifşa edib. Əsgərin ibtidai istintaqa verdiyi ifadələr əsasında hərbi hissə komandiri Rəhim Məmmədşərifovla tağım komandiri Rüfət Bədirxanov da həbs edilib. Ancaq hələlik onların cinayət işi üzrə ibtidai istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti