...

Soydaşlarımız Niderland şahmatçılarının Xankəndində qondarma "turnirdə" iştirakına etiraz bəyanatı verib

Cəmiyyət Materials 1 Noyabr 2005 15:50 (UTC +04:00)

Benilüks Azərbaycan Təşkilatlarını Əlaqələndirmə Şurası Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Xankəndi şəhərində oktyabr ayında "Beynəlxalq şahmat turniri" adı altında keçirilən tədbirə etiraz bəyanatı yayıb. Bu barədə Trend ə həmin təşkilatdan məlumat daxil olub. Bəyanatın qəbul olunmasında əsas məqsəd Benilüks ölkələrində yaşayan azərbaycanlıların Niderland Krallığından olan iki şahmatçının Xankəndində keçirilən tədbirdə iştirakına etirazını bu ölkənin Şahmat Federasiyasının diqqətinə çatdırmaqdan ibarətdir.

Bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və bildirilir ki, erməni işğalçılarının qəsb olunmuş Azərbaycan ərazilərində, o cümlədən Dağlıq Qarabağda "beynəlxalq tədbirlər" keçirmək cəhdləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Sənəddə göstərilir ki, bəzi dövlətlərin məlumatsızlıq üzündən, yaxud da bilərəkdən həmin tədbirlərdə öz nümayəndələrinin iştirakına icazə verməsi də məhz beynəlxalq hüququn prinsiplərinə sayğısızlıq kimi qimətləndirilməlidir.

Bəyanatda eyni zamanda qeyd olunur ki, Benilüks ölkələrində yaşayan azərbaycanlılar erməni işğalçılarının beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq təşkil etdikləri bu qondarma "turnir"də Niderland Şahmat Federasiyasının üzvləri olan İvan Sokolov və Ervin Lamininin iştirakına kəskin etirazını bildirir: "Benilüks ölkələrində yaşayan bütün azərbaycanlılar və onları təmsil edən diaspor təşkilatları Niderland Krallığının Şahmat Federasiyasının rəhbəri cənab S.Qriblinqi bu məsələyə aydınlıq gətirməyə çağırır və federasiya üzvlərinin bu addımından hiddətləndiyini bəyan edir"-deyə sənəddə vurğulanıb.

Xəbər lenti

Xəbər lenti