...

Eldar Salayevin apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 2 Noyabr 2005 14:14 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Milli Elmlər Akademiyasının sabiq prezidenti, hazırda həbsdə olan Eldar Salayevin apellyasiya şikayətinə baxılıb. Trend məlumat verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı Eldar Salayevin şikayəti təmin olunmayıb.

Qeyd edək ki, E.Salayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,220.1 (kütləvi iğtişaşın törədilməsinə hazırlıq) və 278-ci (antikonstitusion yolla dövlət hakimiyyətini ələ keçirmə və saxlama cinayətlərinə cəhd) maddələri ilə təqsirli bilinir.

İttihamlara görə, o, ADP sədri Rəsul Quliyevlə və digər şəxslərlə əlbir olaraq hakmiyyəti zorla ələ almağa cəhd göstərib. Nəsimi rayon Məhkəməsi tərəfindən E.Salayev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb. E.Salayev isə gözlərinin xəstə olması ilə əlaqədar həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsində şikayət ərizəsinə baxılaraq qərara alınıb ki, ərizə təmin edilməməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə səbəb E.Salayevin kifayət qədər təhlükəli cinayət əməllərində təqsirli bilinməsidir. Məhkəmədə o da bildirilib ki, akademik saxlandığı istintaq təcridxanasında daim həkim nəzarətindədir və həyatı üçün təhlükə yoxdur.

Xəbər lenti

Xəbər lenti