...

YUNESKO-Azərbaycan işçi qrupunun ilk iclası dekabrın birinci yarısına təyin edilib

Cəmiyyət Materials 11 Noyabr 2005 18:08 (UTC +04:00)

Azərbaycanla YUNESKO-nun əməkdaşlığı üzrə işçi qrupun ilk iclası dekabrın 12-14-də Bakıda keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ilk iclasın Bakıda keçirilməsi və iclasın gündəliyinin ümumi cədvəli YUNESKO-nun mənzil-qərargahında Azərbaycanın təhsil naziri Misir Mərdanovun təşkilatın rəhbərliyi ilə keçirdiyi görüşün gedişində müəyyən edilib. Bakı iclasında iştirak etmək üçün YUNESKO-nun nüfuzlu nümayəndə heyəti Azərbaycana gələcək. Nümayəndə heyətinin tərkibinə Azərbaycandakı strukturlar tərəfindən reallaşdırılan proqramların rəhbərləri və əlaqələndiriciləri də daxil edilib.

Xatırladaq ki, 2005-ci ildə YUNESKO-nun təşəbbüsü ilə Azərbaycanda təhsilin inkişafına həsr edilmiş iki konfrans keçirilib. Birinci konrans iyun ayında Parisdə, ikinci konfrans isə avqust ayında təşkilatın baş katibi cənab Kaişiro Matsurinin iştirakı ilə Bakıda keçirilib. Bakı konfransında YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanmış Memoranduma görə, hər tərəfdən 5 nəfər olmaqda xüsusi işçi qrup yaradılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın YUNESKO ilə əməkdaşlığını "Hamı üçün təhsil", "Assosiativ məktəblər", "Texniki-peşə təhsilinin inkişafı", "İnklyuziv təhsil" və "Ali təhsil müəssisələrində YUNESKO kafedralarının yaradılması" layihələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti