...

Azərbaycanlı hüquq müdafiəçisinin həbs müddəti iki ay uzadılıb

Cəmiyyət Materials 14 Noyabr 2005 17:23 (UTC +04:00)

Azərbaycanlı hüquq müdafiəçisi, Gürücüstanın Qardabani rayonu Vaxtanqisi kənd sakini Telman Həsənovun həbs müddəti iki ay uzadılıb, bu isə onun barəsində istintaq tədbirlərinin davam etdirilməsilə əlaqədardır. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

O qeyd edib ki, Qardabani rayon məhkəməsinin qərarı ilə T.Həsənov Tbilisi şəhəri 1 saylı həbsxanaya yerləşdirilib və burada 3 aylıq həbs müddətini çəkib. Lakin həmin müddət bitən kimi məhkəmənin qərarı ilə o uzadılıb.

"Məhkəmənin qərarı istintaq tədbirlərinin davam etməsi ilə bağlıdır. T.Həsənov haqqında bütün məlumatlar səfirliyə onun vəkilləri vasitəsilə daxil olur", - deyə o qeyd edib.

Hüquq müdafiəçisinin səhhətinə gəldikdə diplomat bildirib ki, daxili tibbi ekspertiza aparılıb və məlum olub ki, onun səhhəti təhlükə doğurmur. E.Poluxovun sözlərinə görə, T.Həsənov həm də müqavimət göstərərkən polisə bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. "Biz hadisələri izləməyə çalışırıq", - deyə E.Poluxov əlavə edib.

Telman Həsənovun vəkilləri Trend ə verdikləri müsahibədə bildiriblər ki, onlar Gürcüstan parlamentinin azərbaycanlı deputatlarına müraciət edərək onun zaminə götürülməsi haqqında ərizə yazmağı xahiş ediblər. Lakin parlamentarilər belə sənədi imzalamaqdan imtina ediblər.

Xatırladaq ki, Vaxtanqisi kəndində yaşayan azərbaycanlılar sentyabrın 16-da etiraz aksiyası keçirərək yolu bağlamışdılar. T.Həsənlovun rəhbərlik etdiyi aksiya iştirakçıları hakimiyyəti milli azlıqların hüquqlarının pozulmasında günahlandırırdılar. Hüquq-mühafizə orqanları əməkdaşları yolu açmağı tələb etsə də aksiyaçılar rədd cavabı vermiş, T.Həsənov isə polis əməkdaşlarına müqavimət göstərdiyi üçün saxlanılmışdı.

Xəbər lenti

Xəbər lenti