...

Teleradio Şurası ANS, "Lider" və "Space" kanallarına qanun pozuntularına görə cəza tətbiq edə bilər

Cəmiyyət Materials 25 Noyabr 2005 13:39 (UTC +04:00)

Regional telekanalların əksəriyyəti fəaliyyət göstərmək üçün artıq öz lisenziyalarını alıblar. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. O, bildirib ki, yalnız 5 regional kanal - "Lənkəran", "Xaçmaz", "Xəyal", "Alternativ" və "Aygün" televiziyalarına hələ lisenziya verilməyib.

N.Məhərrəmlinin sözlərinə görə, "Xaçmaz" televiziyasının problemi onun dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır. Belə ki, bu kanalın yayımçısı dövlət ola bilməz, ona görə də kanalın hüquqi statusu dəyişməlidir. "Lənkəran" televiziyası ilə bağlı məhkəmə araşdırması aparılıb və onun təsisçiliyində problemlər olduğu aşkarlanıb. N.Məhərrəmli Teleradio Şurasının da bu kanala bağlı araşdırma aparacağını deyib. "Alternativ" və "Xəyal" televiziyalarının isə təsisçilik məsələsində dəyişikliklər olub. Teleradio Şurasının sədri bildirib ki, həmin müəssisələr başqa adamlara satılıb və bu, qanun pozuntusu hesab edilir. Çünki kanallar satılan vaxt Teleradio Şurasına məlumat verilməli idi, çünki lisenziya satılarkən hüquqi qüvvəsini itirir. Həmçinin də "Aygün" televiyasının məsələsinə baxılmalıdır.

N.Məhərrəmli bildirib ki, bu regional kanalların fəaliyyətilə bağlı qanun pozuntularının aradan qaldırılması və lisenziyalarının uzadılması məsələsinə seçkidən sonraya saxlanılmışdı. Artıq seçki arxada qaldığı üçün bu yaxınlarda onların məsələsinə dair qərarlar çıxarılacaq.

Bakıdan bütün ölkə ərazisinə yayımlanan telekanallara gəldikdə, N.Məhərrəmli bildirib ki, yaxın günlərdə ANS televiziyası və radiosunun, "Space" televiziyası, "Lider" televiziyası və radiosunun işinə baxılacaq. N.Məhərrəmlinin sözlərinə görə, onların sənədlərində bir sıra problemlər var: "Bu problemlərini həll etmək üçün həmin teleradio şirkətlərinə vaxt vermişik. Biz heç bir kanalın nazı ilə oynamayacağıq. Bu yaxınlarda prezidentin fərmanı ilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər oldu və telekanallara cəza mexanizmi tətbiq edildi. Biz də bundan sonra artıq xəbərdarlıq yox, hər bir pozuntuya görə cəza tətbiq edəcəyik"-deyə Şura sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti