...

Mətbuat Şurasına Daxili İşlər Nazirliyindən məktub daxil olub

Cəmiyyət Materials 5 Dekabr 2005 17:31 (UTC +04:00)

Jurnalistlərin fəaliyyətinə əsassız müdaxilə və kobudluğa yol verdiyi təsdiqlənən Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı M.Quliyev DİN rəhbərliyinin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunub. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Qeyd edək ki, həmin idarənin rəhbərliyindən gələcəkdə bir daha bu kimi hallara yol verilməməsi üçün zəruri tədbirlər görülməsi tələb edilib. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsindən Mətbuat Şurasına daxil olan məktubda bildirilib ki, Şuranın "Azadlıq" bloku təmsilçilərinin yürüş-mitinqləri zamanı KİI nümayəndələrindən İdrak Abbasovun ("Ayna-Zerkalo" qəzeti), Ramiz Nəcəflinin ("Boz qurd" qəzeti) fiziki xəsarət almaları, Nəbi Alışov ("Bakı xəbər" qəzeti), Əfqan Muxtarlı, Mustafa Hacıbəyli ("Yeni Müsavat" qəzeti), Sarvan Rizvanov (Turan İA), Rəsul Mirhəşimli ("Azad söz" Jurnalistlər Birliyi), Elbrus Seyfullayev (APA) və Elman Malıyevin ("Ekspress") təzyiqə məruz qalmaları, Məhəbbət Orucovun ("Yeni Müsavat" qəzeti) Nərimanov RPİ-nə aparılıb sonradan sərbəst buraxılması ilə bağlı Nazirliyə daxil olmuş müraciətinə baxılıb.

Jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi gödəkçələrdə olmayan R.Nəcəfli bədən xəsarəti alıb. M.Orucov isə aksiya iştirakçıları ilə birgə aparıldığı Nərimanov RPİ-də KİI nümayəndəsi olduğu müəyyənləşdirilən kimi sərbəst buraxılıb. İ.Abbasova naməlum şəxs tərəfindən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsi faktı üzrə Səbail RPİ-nin istintaq şöbəsində 09 noyabr 2005-ci il tarixdə Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət işinə başlanılıb və istintaq aparılır.

Nazirlikdən daxil olan məktubda bildirilib ki, araşdırmalar nəticəsindən asılı olaraq qanunazidd hərəkətlərə yol vermələri təsdiqlənən polis əməkdaşları intizam məsuliyyətinə cəlb ediləcəklər.

Xəbər lenti

Xəbər lenti