...

Əsgərin qəsdən öldürülməsi ilə bağlı məhkəmə keçiriləcək

Cəmiyyət Materials 13 Dekabr 2005 15:11 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində 2003-cü ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edərkən qəsdən öldürülmüş əsgər Mirnağı Məmmədovun qatillərinin məhkəməsi başlanacaq. Bu barədə Trend ə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Qarşı İstintaq İdarəsi tərəfindən aparılan istintaq yolu ilə müəyyən edilib ki, əsgər Mirnağı Məmmədov qulluq etdiyi ərazinin sakinləri Səxavət və Nizaməddin Hüseynovlar tərəfindən öldürülüb.

Mirnağı Məmmədov 6 aprel 2003-cü il tarixdə gecə radələrində qarovul xidmətində növbədə olarkən xidməti avtomat silahını özü ilə götürərək postu özbaşına tərk edib və Bərdənin Alaçadırlı kəndində yaşayan qız tanışı ilə görüşə gedib. Qızın yaxın qohumu olan Səxavət və Nizaməddin Hüseynovlar bundan xəbər tutaraq Mirnağıdan qisas almaq qərarına gəliblər. Bu məqsədlə Mirnağı Məmmədovun xidməti avtomat silahını əlindən alıblar və özlərinə məxsus avtomobilə mindirərək Tərtər çayının yaxınlığına aparıblar. Orada Mirnağı Məmmədova avtomat silahdan bir neçə dəfə atəş açaraq sonuncunu həyatdan məhrum ediblər. Cinayəti ört-basdır etmək məqsədilə əsgərin meyitini ərazidəki gölə atıblar.

Hər iki qatil Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adamöldürmə) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə təqsirləndirilib və yekunlaşmış istintaqın materialları məhkəmə baxışına göndərilib.

Xəbər lenti

Xəbər lenti