...

Əli İnsanovun iddiası təmin olunmayıb

Cəmiyyət Materials 20 Dekabr 2005 12:26 (UTC +04:00)

Dekabrın 20-də Bakı şəhəri, Səbail rayon Məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun Az.TV və "Lider" TV-yə qarşı qaldırdığı iddiaya baxılıb. Trend məlumat verir ki, sabiq nazirin iddiası təmin olunmayıb.

Qeyd edək ki, sabiq nazir noyabrın 1-də həmin telekanallar vasitəsilə yayımlanmış materiallarda şərəf və ləyaqətinin tapdalanmasına dair məhkəmə qarşısında iddia qaldırmışdı. Lakin iddiaçı tərəfin nümayəndələri məhkəmə prosesinə gəlmədiyindən cavabdeh tərəfin nümayəndələri Əbülfəz Kazımov və İlqar Əliyev iclasın qarşı tərəfin iştirakı olmadan davam etdirilməsini xahiş edib. Cavabdeh tərəflər sabiq nazirin həmin telekanallara qarşı irəli sürdüyü iddiaları əsassız hesab ediblər.

Az.TV-nin qanuni nümayəndəsi Əbülfəz Kazımov məhkəmənin nəzərinə çatdırıb ki, noyabrın 1-də efirə getmiş və sabiq nazirin qəzəbinə səbəb olmuş materiallar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən hazırlanıb. "Bundan əlavə, həmin materiallarda Əli İnsanovun şərəf və ləyaqətinin tapdalanmasına səbəb olduğu iddia edilən "cinayətkar", "rüşvətxor" kimi ifadələr işlədilməyib", - deyə Ə.Kazımov bildirib.

"Lider" TV-nin qanuni nümayəndəsi İlqar Əliyev isə məhkəmənin nəzərinə çatdırıb ki, Kütləvi infomrasiya vasitələri haqqında Qanunun 62-ci maddəsinə görə, əgər təqdim olunmuş hər hansı materialda mənbə göstərilirsə, bu zaman həmin kütləvi informasiya vasitəsi məsuliyyətdən azaddır. "Lider" TV də noyabrın 1-də efirə getmiş materialı MTN və Baş Prokurorluğa istinadən yayımlayıb.

Cavabdeh tərəflər məhkəmədən iddianın təmin olunmamasını xahiş ediblər. Hakim məhkəmə baxışı zamanı iddiaçı tərəfin iddiaya dair sübut təqdim etmədiyi və qeyd olunan iddiaların isə təsdiqini tapmadığı üçün Əli İnsanovun iddiasının təmin olunmamasına dair qətnamə çıxarıb.

Xəbər lenti

Xəbər lenti