...

7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi məhkəmə qarşısında dayanacaq

Cəmiyyət Materials 21 Dekabr 2005 15:10 (UTC +04:00)

Yaxın günlərdə 7 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Salman Nəcəfovun cinayət işi üzrə materiallar məhkəmə baxışına göndəriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqi Azər Əskərov məlumat verib.

Müstəntiq bildirib ki, İstintaq İdarəsi tərəfindən S.Nəcəfovla birlikdə həmin cəzaçəkmə müəssisəsinin xüsusi şöbəsinin sabiq rəisi Vaqif Şükürovun və Müalicə Müəssisəsinin sabiq rəisi Nizami Nağıyevin də əməlləri istintaq edilib. İstintaq yolu ilə müəyyən olunub ki, müəssisə rəhbərliyi Ali Məhkəmə adından saxta sənəd tərtib edərək həmin müəssisədə cəza çəkən ümumilikdə 18 dustağı azadlığa buraxıb. İstintaq yolu ilə şöbə rəisi V.Şükürovun saxta sənəd tərtib etməsi və rüşvət alması, müəssisə rəisi Salman Nəcəfovun saxta məhkəmə sənədlərini araşdırmadan icraya yönəltməsi, müalicə müəssisəsinin rəisi Nizami Nağıyevin isə məhkumların cinayətlərinin ağırlığını araşdırmadan onların şərti azadlığa buraxmasında iştirak etməsi sübuta yetirilib.

Təqsirləndirilənlərə qarşı yekun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 (mütəşəkkil dəstə tərəfindən özgəsinin əmlakının mənimsənilməsi), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 309.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvətalma) və 310.3 (vəzifə saxtakarlığı) maddələri irəli sürülüb.

Müstəntiq bildirib ki, artıq şahid ifadələri və işin digər halları araşdırılıb və təqsirləndirilən şəxslər iş materialları ilə tanış olurlar. Yanvar ayının ilk ongünlüyündə iş materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti