...

Ombudsman nümayəndələri müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 23 Dekabr 2005 19:38 (UTC +04:00)

Azərbaycanın İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndələri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Binəqədi RPİ-nin 4-cü polis bölməsinin müvəqqəti saxlama təcridxanalarına (MST) baxış keçiriblər. Bu haqda məlumat, Trend ə Ombudsmanın mətbuat xidmətindən daxil olub.

Belə ki, həmin baxış, polis idarələrinin MST-lərində və polis bölmələrinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin şəraitini, eyni zamanda həmin şəxslərə qarşı qanuna zidd rəftara, şəxsiyyəti alçaldan hərəkətlərə yol verilib-verilməməsini, tutulub saxlanılarkən Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətini öyrənmək məqsədilə həyata keçirilib.

Ombudsman nümayəndələri MST-lərdə saxlanılan şəxslərlə görüşərək, onlarla təkbətək söhbət aparmış, onların saxlanma şəraiti və qidalanması ilə maraqlanmış, hüquqlarını izah etmiş, saxlanılmalarının qanuniliyinə dair müvafiq sənədlərlə tanış olmuşlar. Onlar saxlanılan şəxslərin müraciətləri ilə bağlı müvafiq sənədlər tərtib edərək onları şəxsən Ombudsmana çatdıracaqlarını bildiriblər. Araşdırma nəticəsində aşkar edilmiş qüsurlarla bağlı DİN-ə müraciət olunub.

Xatırladaq ki, bu kimi baxışlar Ombudsman nümayəndələri tərəfindən müntəzəm olaraq keçirilir.

Xəbər lenti

Xəbər lenti