...

Prokuror sabiq baş nazir Surət Hüseynovun cangüdəninə 6 illik həbs cəzası tələb edib

Cəmiyyət Materials 18 Yanvar 2006 15:14 (UTC +04:00)

Yanvarın 18-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə sabiq baş nazir Surət Hüseynovun keçmiş cangüdəni Füzuli Hüseynovun mühakiməsi davam etdirilib və dövlət ittihamçısı məhkəmədən müttəhimə 6 illik həbs cəzası tələb edib. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edən hakim Məmmədbağır Zeynalov məlumat verib.

Prokuror Rafiq Cəfərov məhkəmə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə təqsirləndirilən Füzuli Hüseynovun əməlləri məhkəmə yolu ilə sübuta yetirilib. Belə ki, qanunsuz odlu silah gəzdirməkdə təqsirli bilinən F.Hüseynov 1992-ci ildə Bakıdakı N saylı hərbi hissədə qulluq edərkən 3 günlük məzuniyyətə buraxılıb. Məzuniyyət müddətində Surət Hüseynovla tanış olaraq onun cangüdəni kimi fəaliyyətə başlayıb.

F.Hüseynov cangüdən işlədiyi müddət ərzində qanunsuz olaraq "AKSU"" markalı avtomat və "Makarov" markalı tapança gəzdirib və S.Hüseynovun başçılıq etdiyi qanunsuz silahlı dəstənin üzvü olub. 1994-cü il oktyabr ayının əvvəllərində silahlı dəstə ifşa edildikdən sonra həbs olunacağından qorxaraq Rusiyaya qaçıb. Prokuror həmçinin çıxışında bildirib ki, qanunsuz silahlı bdəstə dağılarkən Füzuli Hüseynov özündə olan odlu silahları da müvafiq dövlət orqanlarına təhvil verməyib.

Bütün bu ittihamların məhkəmə yolu ilə sübuti yetirildiyini bildirən prokuror müttəhimə 6 illik həbs müddəti tələb edib.

Yanvarın 19-da hakim məhkəmənin hökmünü elan edəcək.

Xəbər lenti

Xəbər lenti