...

Nizami Cəfərov: Mədəniyyət Məcəlləsi"nə böyük ehtiyac var

Cəmiyyət Materials 2 Fevral 2006 12:47 (UTC +04:00)

Milli Məclisin mədəniyyət komissiyası "Mədəniyyət Məcəlləsi"nin hazırlanması istiqamətində iş aparır. Bu barədə Trend ə adıçəkilən komissiyanın sədri, millət vəkili, professor Nizami Cəfərov bildirib.

N.Cəfərov onu da bildirib ki, bu məcəllənin qəbul olunması Azərbaycan mədəniyyəti və incəsənəti üçün olduqca vacib amillərdən biridir: "Məqsədimiz bu sahəni tənzimləyən qanun toplusunu hazırlamaqdır. Cinayət Məcəlləsi, Seçki Məcəlləsi olduğu halda Mədəniyyət Məcəlləsinə də böyük ehtiyac var", - deyə o qeyd edib. Komissiyanın sədri əlavə edib ki, hazırda "Mədəniyyət haqqında" qanun layihəsi üzərində iş yekunlaşdırılıb: "Bu qanun çoxdan qəbul olunsa da müəyyən müddəaları müasir dövrlə uzlaşmadığından yenisi ilə əvəz olunmalıdır". Komissiyanın sədri qeyd edib ki, bu sənəddən başqa "Milli mədəniyyətin inkişafı konsepsiyası" üzərində də iş aparılır.

Planımızda "Teatr haqqında" qanun layihəsinin də hazırlanması var" - deyən N.Cəfərov "Mədəniyyət kanalı"nın da açılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, klassik Azərbaycan mədəniyyətinin uğurlarını təbliğ edən kanala ehtiyac var: "Bu bir təşəbbüsdür. Lakin bu təşəbbüsün reallaşması çox vaxt tələb etsə də mədəniyyətimizə böyük töhfə olacaq. Çünki indiki telekanallarda Azərbaycan mədəniyyəti lazımi səviyyədə təbliğ edilmir". Komissiya sədri belə bir kanalın açılmasını şərtləndirən amillərin hazırlanıb Mədəniyyət və Turizm Nazirliyinə və dövlət başçısına təqdim ediləcəyini də bildirib.

Onu da bildirək ki, gələn həftə mədəniyyət komissiyasının toplantısı keçiriləcək. Toplantıda yalnız "Mədəniyyət haqqında" qanun layihəsi müzakirə olunacaq. "Mədəniyyət kanalı"nın açılması təklifi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti