...

Seçki saxtakarlığında təqsirləndirilən şəxslər ittihamlarla razılaşmayıb

Cəmiyyət Materials 7 Fevral 2006 17:44 (UTC +04:00)

6 noyabr 2005-ci il tarixdə Azərbaycanda keçirilmiş parlament seçkilərində saxtakarlıq etməkdə təqsirləndirilərək həbs edilmiş Zahid Canayev və Ziyadxan Budaqov məhkəmə zamanı ittihamlarla razılaşmayıblar. Trend xəbər verir ki, hər iki şəxsin məhkəmə işi üzrə materiallar Bakı şəhəri Binəqədi rayon Məhkəməsində həmin məhkəmənin sədri Həsən Əliyevin icraatındadır.

Cinayət Məcəlləsinin 161.1 (seçki və ya ümumxalq səsverməsi sənədlərinin saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma) və 308.1-ci ( vəzifə səlahiyytələrindən sui-istifadə) maddələri ilə təqsirləndirilən Zahid Canayev 9 saylı 2-ci Binəqədi seçki dairəsi, dairə komissiyasının üzvü, Ziyadxan Budaqovsa 9 saylı 2-ci Binəqədi seçki dairəsinin 20 saylı məntəqə seçki komissiyasının sədri olub.

İttiham sənədlərində qeyd olunur ki, Zahid Canayev və Ziyadxan Budaqov öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək seçki protokollarında saxtakarlıqlar ediblər. Bununla da vətəndaşların seçki hüquqlarına, o cümlədən dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurublar. Hər iki şəxsin əməlində səsvermənin nəticələrinin düzgün hesablanmamasına dair cinayət tərkibi aşkar edilib. Qeyd edək ki, səsvermənin düzgün hesablanmaması nəticəsində həmin dairədə seçkilərin nəticələri etibarsız hesab olunub.

Xəbər lenti

Xəbər lenti