...

DAK Xocalı soyqırımının ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə aksiyalar keçirəcək

Cəmiyyət Materials 13 Fevral 2006 18:36 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində aksiyalar keçirəcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə DAK sədrinin müavini Xəzər Eminov məlumat verib.

X.Eminov bildirib ki, fevralın 23-dən 27-dək dünyanın bir neçə ölkələsində aksiyalar, müxtəlif formalı tədbirlər təşkil olunacaq. Onun sözlərinə görə, bu məqsədlə Bakıda artıq Təşkilat Komitəsi də yaradılıb. Xarici ölkələrdə düzənlənən tədbirlərə Azərbaycandan 20-dək millət vəkili də qatılacaq. Fevralın 22-də İstambulun "Taksin" meydanında tükr generalı Vəli Kiçik Paşanın rəhbərliyi və təşkilatçılığı ilə böyük mitinq keçiriləcək. X.Eminov qeyd edib ki, artıq bu aksiyaya hazırlıq işlərinə başlanılıb. Fevralın 23-də Azərbaycandan və Türkiyədən nümayəndə heyəti Belçikanın paytaxtı Brüsselə gedəcək. Fevralın 24-də saat 9.00-dan 13-dək Brüsseldə Avropa Parlamentinin binası yaxınlığında elmi-praktik konfrans, sonra isə dünya ölkələrinin KİV-i qarşısında mətbuat konfransı keçiriləcək. Elmi-praktik konfransa Amerikadan azərbaycanşünas alimlər və senatorlar da dəvət olunub. Həmin gün saat 13-də Brüsseldə NATO-nun qərargahı və Avropa Parlamentinin binası qarşısında, o cümlədən Belçika Parlamentinin önündə piket-mitiqlər keçiriləcək. Fevralın 25-də isə Hollandiyanın Haaqa şəhərində Avropa İnsan Haqları Məhkəməsinin binası qarşısında böyük mitinq təşkil olunacaq. Haaqadakı tədbirlərin təşkilatçısı Azərbaycan-Türkiyə-Hollandiya Dostluq Cəmiyyətinin sədri Camal Qaragözdür.

Xəbər lenti

Xəbər lenti