Yeni doğulan uşaqlara ən çox türk mənşəli adlar verilir

Azərbaycan, Bakı, 23 aprel /korr.TrendLife Fərid Sadıxov/Ekspertlərin fikrincə, adların insan həyatında özünəməxsus rolu var. Körpələrə qoyulan adlar mənasına uyğun olaraq sonradan böyüməkdə olan uşaqların xarakterinin formalaşmasına, psixikasına, hətta karyerasına da təsir edir.

Keçmişdə Azərbaycanda yeni doğulan uşaqlara adların verilməsinə o dövrün həm ictimai, həm də siyasi vəziyyəti də təsir göstərib. Məsələn, ərəb və ya fars dövlətlərinin Azərbaycana güclü təsiri olduğu dövrlərdə uşaqlara daha çox ərəb və fars adları qoyulurmuş. Sovet hökuməti qurulmazdan öncə Azərbaycanda körpələrə həm də dini adlar verilməsinə çox rast gəlinib. Belə adlara misal olaraq Məhəmməd, Əli, Osman, İbrahim, Yusif, Fatimə (Fatma), Zəhra, Zeynəbi göstərmək olar. Bundan başqa o vaxtlar bəzi valideynlər arasında uşaqlara nağıl və dastanlardakı məşhur qəhrəmanların və ya tarixi şəxslərin adlarını vermək populyar olub. Məsələn, Babək, Cavanşir, Nəbi, Həcər və s.

Keçmiş SSRİ-nin mövcüd olduğu illərdə isə bəzi valideynlər öz körpələrinə rus və ya sovet ideologiyasına uyğun adlar veriblər. Kolxoz, Kombayn, Sovet, Traktor, Marks, Komsomol, Yanvar, Fevral, Oktyabr kimi qəribə adları buna misal göstərmək olar. Sovet dövründə mürəkkəb adlar də dəbdə olub - Məmmədhəsən, Əlibala, Muradxan, Əliqulu, Qızxanım, Anaxanım və s.

SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra ölkəmizdə bütün istiqamətlər kimi insan adları sahəsində də dəyişikliklər baş verdi. Dilçillik sahəsi üzrə ekspert Musa İsmayılov insan adları sahəsində baş verən bu dəyişikliyi müasir dövrün tələbəi, həm də azərbaycanlıların öz köklərinə qayıdışı kimi izah edir. Onun sözlərinə görə, artıq Azərbaycanda ərəb-fars adları azalmaqda, türk mənşəli adlar isə artmaqdadır. Bununla yanaşı son illər uşaqlara yenidən dini adların verilməsi halları da artıb. Ekspert bunu azərbaycanlıların İslam dininə qaydışı ilə əlaqələndirir. M.İsmayılov bildirir ki, indi uşaqlar arasında daha çox bir sözdən ibarət sadə adlar üstünlük təşkil edir. Mürəkkəb adlar isə getdikcə azalır. Digər maraqlı məqam ondan ibarətdir ki, son vaxtlar yeni doğulan uşaqlara telekanallarda nümayiş olunan serial qəhrəmanlarının adlırını vermək də dəbə minib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə də Azərbaycanda əvvəllər dəbdə olan ənənəvi adlar getdikcə unudulur. Rəsmi məlumata görə, keçən il Azərbaycanda 148,9 min uşaq (46 % qız, 44 % oğlan) dünyaya gəlib. Bu ilin ilk üç ayı ərzində isə 24 min körpə doğulub. Yeni doğulmuş uşaqlara 8237 müxtəlif adlar verilib. Bunun 3625-i qız adlarıdır. Körpələrin 38 %-nə daha çox rast gəlinən 25 qız adı verilib. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox Fatimə adına təsadüf olunur. Şəhər yerlərində daha çox istifadə olunan ad Fidan, kənd yerlərində isə Aytacdır. Hazırda qız uşaqlarına ən çox verilən digər adlar Nəzrin, Nərmin, Aysel, Ləman, Səbinə və Leyladır.

Oğlanlara gəldikdə, dövlət komitəsi indi ən çox yayılan adların Murad, Fərid, Nicat, Nihat, Əli, Məhəmməd olduğunu bildirib.. Ekspert M.İsmayılovun fikrincə, valideynlər körpəyə ad qoyanda hansısa bir ideologiyaya və ya hisslərə qapılmamalıdırlar: "Körpələrə ad seçərkən həm onun necə səslənməsinə, həm də mənasına diqqət yetirmək lazımdır. Uşaqlara elə ad vermək lazımdır ki, böyüyəndə utanmasın".

Qeyd edək ki, vaxtilə valideynlərin səhvən qəribə adlardan verdiyi şəxslər böyüyəndən sonra öz adlarından utandıqları üçün onu dəyişdirməyə çalışırlar. Bəs bu mümkündürmü?

Ədliyyə Nazirliyi Respublika Vətəndaşlıq Vəziyyəti Aktları arxivinin müdiri Reyhan Kərimovanın sözlərinə görə, Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, vətəndaşlar öz adlarını və soyadlarını yalnız 18 yaşına çatandan sonra dəyişə bilərlər. Lakin bu zaman adın dəyişdirilməsi üçün üzürlü səbəb olmalıdır. Üzürlü hallar dedikdə isə adın pis səslənməsi, çətin tələffüz olunması, milliyyətə uyğun gəlməməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlar ilk növbədə ərizə ilə yaşadıqları yerlərin VVAQ orqanlarına müraciət etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti