...

Zaur Baxşəliyev: "30 yaşından sonra aparıcılıq etmək istəmirəm"

Cəmiyyət Materials 13 İyul 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /müx.TrendLife Fəridə Məhərrəmqızı/Hamı onu "Bizim səhər", "Yağ kimi", "Xalq ulduzu" verilişlərinin aparıcısı kimi tanıyır. Yəqin ki, söhbətin kimdən gedəcəyini anladınız. Trendlife-nin müsahibi ATV kanalınıdan tanıdığımız aparıcı Zaur Baxşəliyevdir.

- Qısaca olaraq deyə bilərsinizmi, teleaparıcılığa necə gəlmisiniiz?

- Aparıcılığa gəlməyim təsadüfdür. Amma zərurətdən doğan təsadüfdür. Bu, mənim uşaqlıq arzum olub. Uşaqlıqdan həm də liderliyə meylim olub. Həmişə arxamca kimisə aparmaq istəmişəm. Atam məni məcbur edirdi ki, ticarətlə məşğul olum. Görünür, özü tacirdir, ona görə. Biznesmen yox haaa, tacir (gülür). Lakin alver məni özünə heç vaxt çəkməyib. Düzdür, tələbə olanda fırıldaqçılıqdla məşğul olmuşam. Uşaqları aldadıb kitab satırdım. Meylim jurnalistikaya, aparıcılığa olub.

- Bəs sizi şou-biznes sahəsində çalışan aparıcı saymaq olar?

- Yox. Əslində mən şou-biznes aləminə gəldiyimə görə bu sahədə aparıcılıq etməyə başladım. Öz içimdə başqa bir ampluam var.

- Onda özünüzü digər həmkarlarınızdan nə ilə fərqləndirirsiniz?

- Mən olduğum kimiyəm. Efirdə necə zarafatcılamsa, həyatda da eləyəm. Kamera yananda da, sönəndə də eyniyəm. Rolda ola bilmirəm. Yəni aktyorluq edə bilirəm, amma efirə işləmirəm. Düzdür, suni aparıcılar var, efirdə bir cür, həyatda bir cür. Mən özüm onlara baxanda əsəbləşirəm.

- ATV-də elə aparıcılar var?

- Mənə elə gəlir ki, yoxdur. Bəlkə burdakıları daha dərindən tanıyıram, onun üçün.

- Əksər tamaşaçılar telekanallardakı mədəniyyətə aid proqramların aparıcılarının səviyyəsindən çox narazıdır. Bu sahədə çalışan şəxs kimi siz nə deyə bilərsiniz?

- Bilirsiniz, zamanında bizim öyrəşdiyimiz aparıcılıq ampluası vardı. Çox ciddi və rəsmi. Yeganə telekanalımız AzTV idi. Orda olan diktorların saç düzümündən tutmuş, mimikalarına qədər hər şeyə nəzarət vardı. Bir sözlə, senzura vardı. Bu nəzarətə biz 70 il dözdük. Sonra müstəqillik yarandı və aparıcılar da sərbəstlik, azadlıq əldə etdi. Artıq televiziyada ən böyük qayda qaydasızlığa çevrildi. Əgər bir aparıcının hərəkətlərii bayağı deyilsə, səmimidirsə, sərhədləri aşmırsa, bu, normaldır. Gəlin baxaq türklərə, rusların müəyyən kanallarında olan aparıcıların hərəkətlərinə, davranışlarına , məncə, o qədər də pis deyil. Demirəm ki, onlar kimi olmalıyıq. Heç olmasa səmimiyyəti efirə gətirək.

- Milli Ordu günü əsgər paltarı geyib qolunda tatirovka ilə efirə çıxmağı necə başa düşək, bu normal sayılır?

- Bu gün Azərbaycanda aparıcı adına layiq olanlar çox azdır. Çox adamlar efirə çıxır, bu o demək deyil ki, onlar aparıcıdırlar. Hər kanalda belələri var. Onlar arxaları ilə kimi apara bilirlər? Bu gün özlərini aparıcı hesab edənləri mən aparıcı saymıram. Neçə il efirdə olmaqla deyil. Ola bilər ki, bir ay efirdə olasan, amma özünə milyonlarla insan cəlb edəsən.

- Başqa kanalalrda işləmək təklifi almısız?

- Dövlət Televiziyasından olub. ATV mənə çox doğmadır. Mənə verilən çörəyi itirə bilmərəm. ATV mənim üçün ilk və son kanaldır.

- "Yağ kimi" verilişinin qəhrəmanlarını necə müəyyənləşdirirsiniz? Onların razılığını almaq çətin olmur ki?

- Çox çətin olur. İnanırsız, "Yağ kimi"yə çəkilməyi hər müğənni qəbul edə bilmir. Şəxsən mən özüm də qəbul etməzdim ki, kimsə gəlib mənim şkaflarımı açıb yoxlasın (Gülür). İnanın, bəlkə də həmin aparıcını döyərdim. Elə müğənnilər var ki, həmin verilişdən sonra məndən inciyiblər. Amma çox istərdim ki, müğənnilər də mənim başıma oyun açsınlar.

- Olubmu ki, hansısa müğənninin "Yağ kimi"yə çəkilişi zamanı ekstremal situasiya ilə üzləşəsiniz?

- Ekstremal hallar çox olur. "Kristall" qrupunu çəkəndə onlar əlimdən-qolumdan tutub, dənizə atmışdılar. Mən isə üzməyi bacarmıram. Bax, onda bərk qorxmuşdum, elə bilirdim öləcəyəm (Gülür).

- Bəzən "Xalq ulduzu" müsabiqəsində münsiflər heyəti ilə aranızda narazılıq müşahidə edilir.

- Mən bilirdim söhbət "Xalq ulduzu"ndan" gedəcək. Bir az yekəxana kimi çıxsa da, deyəcəyəm. İndiyə kimi gedən bütün yarışmalarda heç bir aparıcının aşa bilmədiyi baryeri "Xalq ulduzu"nda mən aşmışam. Çünki onlar bütün yarışmalarda "Gəlin, buyurun, oxuyun, zəhmət olmasa, böyük sənətkarlar, filan-filan titullar" və.s kimi frazalardan çox istifadə edirlər. Onlar sırf təqdimatçıdırlar.

- Ümumiyyətlə, SMS-lə müsabiqə keçirib, kimisə ulduz etmək nə dərəcədə obyektivdir?

- Bu gün dünyada "Xalq ulduzu", "Yeni ulduz" kimi analoqlu layihələr var. Onlar sırf şou xarakteri daşıyır. Məncə, bununla razılaşmaq lazımdır. Başqa yolla necə seçmək olar?

- Bəs siz özünüz onlara səs verirsiniz?

- Əsla. Mənim konturum yoxdur (gülür). Konturum olsa, özüm danışaram.

- Şəxsi həyatınızda hansı yeniliklər var?

- Məndən yaşca kiçik olan xanımla valideyinlərimin təkidi ilə nişanlanmışdım. Həyatda bir dəfə sevmişəm. O da universtet illərində olub. Bütün universitet bu sevgidən danışırdı. Hazırda həmin insan ailəlidir. Təsadüf elə gətirib ki, həmin xanım mənim adım və soyadımda olan insanla ailə qurub. Bəlkə də o, buna görə çox xoşbəxtdir. Lakin mən hələ də o xoşbəxtliyi tapa bilməmişəm. Altı ildir ki, heç kəsi sevə bilmirəm.

- Maqazin verilişlərinin birində söylədiniz ki, "Bizim səhər" verilişinə dəvət olunan bəzi müğənnilər özləri kiminsə telefon nömrələrini gətirib, onların tamaşaçı kimi zəng vurmalarını xahiş edirlər. Bəlkə ad çəkəsiniz...

-(Gülür) Olub. Ad çəkə bilmərəm. Sonra mənim telefonum susmayacaq. Hədə-qorxu gələ bilərlər. Qorxmuram, sadəcə belə söhbətlər insanı əsəbiləşdirir. Mən elələrini səviyyəli müğənni hesab etmirəm.

-Hansı müğənni sənə daha yaxındır?

- Mənim ən çox istədiyim insan və sənətçi Aybəniz Haşımova, Röyadır. Bu iki nəfərdən başqa mənim yaxın, səmimi qəbul etdiyim insan yoxdur.

- Gələcək planlarınız?

- 30 yaşından sonra aparıcılıq etmək istəmirəm. Sırf rəsmi, ciddi dövlət işi ilə məşğul olmaq istəyirəm.

Xəbər lenti

Xəbər lenti