...

Azərbaycan şahmat üzrə Dünya Kubokunda erməni idmançıların təhlükəsizliyini təmin edəcək (FOTO)

İdman Materials 28 Noyabr 2012 15:33 (UTC +04:00)
Azərbaycan şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası dövründə erməni idmançıların təhlükəsizliyini tam təmin edəcək.
Azərbaycan şahmat üzrə Dünya Kubokunda erməni idmançıların təhlükəsizliyini təmin edəcək (FOTO)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası dövründə erməni idmançıların təhlükəsizliyini tam təmin edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda qeyd edilən yarışların keçirilməsi haqqında müqavilənin imzalanması mərasimində deyib.

Müqavilə çərşənbə günü Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, həmçinin gənclər və idman naziri Azad Rəhimov tərəfindən imzalanıb.

"Biz Ermənistandan şahmatçıları qəbul etməyə hazırıq və təhlükəsizlik üzrə bütün məsələlər lazımi səviyyədə həll ediləcək. Bu, erməni idmançılarının Azərbaycanda iştirak etdiyi ilk yarış deyil", - Rəhimov vurğulayıb.

İlyumjinovun sözlərinə görə, 2013-cü il yanvarın 18-20-də Yerevanda FIDE-nin Prezident Şurası keçiriləcək. Şurada erməni idmançıların yarışlara gəlməsi, yerləşdirilməsi və iştirakını təmin etmək məsələləri müzakirə ediləcək.

FIDE-nin Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistanın gənc idmançılarının iştirakı ilə uşaq şahmat turnirinin keçirilməsi ilə bağlı təklifini şərh edən Rəhimov vurğulayıb ki, ölkəmiz bu təklifi Azərbaycandan olan qonaqların turnirdə maneəsiz və təhlükəsizliyin təmin edilməsi şəraitində iştirak edə biləcəkləri təqdirdə dəstəkləyəcək.

Qeyd edək ki, Bakıda bu yarışların keçirilməsi haqqında qərar sentyabrda İstanbulda keçirilən FIDE-nin Baş Assambleyasında qəbul edilib. Albena (Bolqarıstan) və Tallin (Estoniya) də olimpiadaya ev sahibliyi etmək üçün namizədliklərini vermişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti