...

Buzadırmanma üzrə Azərbaycan çempionatının final mərhələsinin keçirilmə vaxtı dəyişdirilib

İdman Materials 24 Yanvar 2013 14:49 (UTC +04:00)
Yanvarın 26-27-də Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə açıq Respublika çempionatının final mərhələsi yarışlarının vaxtı ölkə ərazisində mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.
Buzadırmanma üzrə Azərbaycan çempionatının final mərhələsinin keçirilmə vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Yanvarın 26-27-də Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə açıq Respublika çempionatının final mərhələsi yarışlarının vaxtı ölkə ərazisində mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə qərar federasiyanın təşkilat komitəsinin növbədənkənar iclasında verilib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Ləzə kəndi ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, 25-27 yanvar tarixlərində Qusar rayonunun Ləzə kəndində havanın temperaturunun orta hesabla müsbət 3-5 dərəcəyədək yüksələcəyi gözlənilir.

FAIREX-in təşkilat komitəsinin yığıncağında aparılan müzakirələr zamanı çempionatın keçiriləcəyi Ləzə kəndi ərazisindəki donmuş şəlalələrin gözlənilən hava şəraitində əriməsi prosesinin başlamasının labüdlüyü nəzərə alınaraq, yarışların federasiyasının "ClimBaku" dırmanma mərkəzinin süni divarlarında təşkil olunması barədə təkliflər irəli sürülüb. Lakin sinoptiklərdən növbəti həftənin sonunda havaların soyuyacağı və yarışın keçirilməsi üçün əlverişli şaxtalı hava şəraitinin müşahidə olunacağı barədə alınan məlumata əsasən buzadırmanma üzrə açıq Respublika çempionatının final mərhələsinin 2-3 fevral tarixlərində əvvəlki ərazidə, Qusarın Ləzə kəndindəki donmuş şəlalələrdə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi buzadırmanma üzrə açıq Respublika çempionatının I mərhələsi 18-19 yanvar 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti