...

Azərbaycan gimnastları Qazaxstanda keçirilmiş turnirlərdə qızıl və gümüş medallar qazanıblar

İdman Materials 18 İyun 2013 15:32 (UTC +04:00)
Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva Şimkentdə keçirilmiş Qazaxıstanın tanınmış idmançısı Aliyə Yusupovanın mükafatları uğrunda beynəlxalq turnirin mütləq qalibi olub.
Azərbaycan gimnastları Qazaxstanda keçirilmiş turnirlərdə qızıl və gümüş medallar qazanıblar

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva Şimkentdə keçirilmiş Qazaxıstanın tanınmış idmançısı Aliyə Yusupovanın mükafatları uğrunda beynəlxalq turnirin mütləq qalibi olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 13 yaşlı Bakı gimnastının digər ölkələrdən olan həmyaşıdları üzərində qələbəsi artıq proqramın ilk növlərinin icrasından sonra aydın olub.

Piriyevanın komanda yoldaşı Züleyxa İsmayılova mübarizəni daha da gərginləşdirməyə çalışıb, lakin yalnız "Qələbəyə doğru iradəyə görə" mükafatı ilə kifayətlənib.

1999-cu il təvəllüdlü Veronika Ömərova Azərbaycan bayrağını ikinci dəfə ən yüksəyə qaldırmağa yaxın olub. Lakin rusiyalı Yuliya Bravikovanı qabaqlamaq üçün ona bir neçə bal kifayət etməyib. Yekunda 14 yaşlı idmançı gümüş medal qazanıb.

Qazaxıstan paytaxtında daha bir beynəlxalq turnir "Bakı"nın dörd yeniyetmə idmançısının iştirakı ilə baş tutub. Kluba yeganə mükafatı Rəhimə Aslanlı (2005-ci il təvəllüdlü) qazandırıb. Aslanlı ikinci yeri rusiyalı gimnastla bölüşüb. Cəmilə İbrahimovanı (2006) fəxri kürsüdən bir addım ayırıb, Nərminə Səmədova (2004) beşinci, Günel Manaflı (2002) isə onuncu olub.

İyun ayının 24-25-də isə bədii gimnastika üzrə 20-ci ölkə birinciliyinin keçirilməsi planlaşdırılıb.

Yarışlarda 133 (!) fərdi gimnast iştirak edəcək, onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünəcək. Bunlar senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.

İdmançılar yalnız mütləq çöxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, "Sərhədçi" İdman Cəmiyyəti, "Bakı" və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər. Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.

Yarışların başlama vaxtı: saat 10:00

Keçirilmə yeri: "Sərhədçi" Olimpiya İdman Mərkəzi

Ünvan: Babək prospekti, 23/16

Gediş: "Xalqlar Dostluğu" metrostansiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti