...

I Avropa Oyunlarını Avropanın daha 5 ölkəsi yayımlayacaq

İdman Materials 21 Noyabr 2014 16:51 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları beş ölkə ilə yayım haqqında sazişə imza atıb
I Avropa Oyunlarını Avropanın daha 5 ölkəsi yayımlayacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atıb.

Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, hazırda qüvvədə olan sazişlərə əsasən Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.

Sözügedən sazişlər Bakı 2015 Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son müqavilələrdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq. Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının Bakı 2015 Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çoxşaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək. Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ya çatmasını gözləyirəm".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: "Bu sazişlərin bağlanması Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşqun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq. Biz tezliklə Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox yayım sazişlərinin imzalanacağına əminik".

Albaniyada "Tring Media", Belarusda "Belarus 5", Lüksemburqda "Radio Television Luxembourg", Moldovada "Moldova Sport TV" və Slovakiyada "DIGI Sport" şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə ediblər.

Həmçinin, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçirilir. Bakı 2015-in rəhbər şəxsləri tədbir iştirakçılarına ilk Avropa Oyunlarına hazırlıqların ən son yenilikləri haqqında ətraflı məlumat verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti