...

"Qarabağ" yerini bərkitdi, "Neftçi" məğlub oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 18 Dekabr 2014 19:00 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilir.
"Qarabağ" yerini bərkitdi, "Neftçi" məğlub oldu (ƏLAVƏ OLUNUB)

Turun digər oyunlarının nəticələri əlavə olunub (ilk xəbər saat 16:56-da yayılıb)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.

Trend-in məlumatına görə, əvvəlcə "Sumqayıt" doğma meydanda "Qəbələ"ni sınağa çəkib.

Oyunun ilk hissəsində qol qeydə alınmayıb. 66-cı dəqiqədə isə ev sahibləri hesabı açıblar - Məhəmməd Qurbanov fərqlənib.

Matçın əsas vaxtına 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə hesaba tarazlıq gətirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

Lənkəranda "Xəzər Lənkəran" və "Qarabağ" klubları qarşılaşıblar.

7-ci dəqiqədə Muarem Muarem Ağdam təmsilçisini önə keçirib. 10 dəqiqə sonra "Qarabağ"ın digər oyunçusu Qara Qarayev də fərqlənib, lakin oyunçu qapıların yerini səhv salıb - avtoqol.

56-cı dəqiqədə Sadio Tounkara lənkəranlıları sevindirib. Lakin bu sevinc cəmi 7 dəqiqə davam edib - M.Muarem dubla imza atıb - 2:2.

Bu da son olmayıb. 79-cu dəqiqədə Bədavi Hüseynov "Qarabağ"ın qələbə qolunu vurub - 2:3.

Paytaxt derbisində isə "İnter" və "Neftçi" üz-üzə gəliblər. Birinci hissənin son dəqiqələrində Nikolas Kanales fərqlənib.

64-cü dəqiqədə Franka Nildo hesabı bərabərləşdirib. 7 dəqiqə sonra Məhəmməd Mirzəbəyov "bankçılar"ı irəli salıb - 2:1.

Beləliklə, "Qarabağ" 15 oyundan 31 xalla turnir cədvəlində lider mövqeyini möhkəmlədib. "İnter" 28 xalla ikinci pilləyə yüksəlib, "Neftçi" isə 26 xalla üçüncüdür.

Qeyd edək ki, "Simurq"un istirahət etdiyi bu tura "Bakı" - AZAL (1:3) matçı ilə start verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti