...

"Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq"

İdman Materials 28 Yanvar 2015 17:33 (UTC +04:00)
İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar.
"Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq"

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlkin İzzət/

"İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar". Trend xəbər verir ki, bunu bu gün 2015-ci ilin təqvim planına əsasən hazırlıqlarını Olimpiya Güləş Mərkəzində davam etdirən Azərbaycanın güləş üzrə milli komandalarımızın mətbuata açıq məşqini izləyən Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi (DGB) İdarə Heyətinin üzvü Namiq Əliyev deyib.

Məşqin sonunda media nümayəndələrinin suallarını cavablandıran N.Əliyevin bildirib ki, 2015-ci il ölkə idmanı üçün əlamətdar olacaq: "Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Bizim üçün bu yarış çox önəmlidir. Çünki doğma divarlar arasında mübarizə aparacağıq. Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq. Amma digər namizədləri də unutmaq olmaz. Əlbəttə, Azərbaycan güləşçiləri də dünya reytinqində ilk sıralarda yer alırlar və inanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar".

Dünya Kuboku yarışları ilə bağlı sualı isə AGF-nin I vitse-prezidenti belə cavablandırıb: "Avropa Oyunlarına qədər komandalarımız Dünya Kuboku turnirində iştirak edəcəklər. Qrupdakı rəqiblərimiz güclüdür. Amma bu, o qədər də önəmli deyil. Biz yalnız özümüz, öz gücümüz barədə düşünməliyik. Bununla belə, yunan-Roma güləşçilərinin İran yığması ilə qarşılaşacağını qeyd etmək istərdim. Doğma divarlar onlara kömək edə bilər. Amma biz artıq iranlı güləşçiləri məğlub etmişik və düşünürəm ki, hazırda Azərbaycanın yunan-Roma güləşi İranla eyni səviyyədədir".

N.Əliyev DGB-nin qaydalarda etdiyi dəyişikliklər barədə də fikirlərini bölüşüb: "Məncə, döşəyin rənginin dəyişilməsi ilə bağlı qərar doğrudur. Eyni zamanda, hakimlərin yeni geyimdə olacağı yaxşı haldır. Çünki idman oyununu əvvəlki geyimlərlə idarə etmək qəribə görünürdü. Yeni geyimlərlə onlar daha rahat hərəkət edə biləcəklər. Hakimlərdən söz düşmüşkən, bu mənada da inkişaf bizi sevindirir. Beynəlxalq arenalarda ölkəmizi iki hakim təmsil edəcək. Onlardan biri daha gənc olsa da, hər ikisi kifayət qədər təcrübəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti