...

Fərid Qayıbov: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı Avropa Oyunları üçün test xarakterlidir (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 3 Mart 2015 17:09 (UTC +04:00)
İlk dəfə olaraq keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bütün gimnastika növləri təmsil olunacaq.
Fərid Qayıbov: Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı Avropa Oyunları üçün test xarakterlidir (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Elçin Mehdiyev/

İlk dəfə olaraq keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında bütün gimnastika növləri təmsil olunacaq. Trend-in məlumatına görə, bunu martın 4-6-da Bakıda keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov deyib.

O, qeyd edib ki, 2002-ci ilin sonlarında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib: "Həmin tarixdən etibarən federasiya özündə gimnastikanın 3 növünü birləşdirib. Bu gün isə bütün 6 gimnastika növü federasiyamız tərəfindən inkişaf etdirilir".

F.Qayıbov bildirib ki, ilk dəfə olaraq keçiriləcək bu yarışlarda 6 gimnastika növü - 4-ü olimpiya, 2-si qeyri-olimpiya növü - təmsil olunacaq. Onun fikrincə, bu, çox unikal bir formatdır: "Bilirsiniz ki, Olimpiya Oyunlarında 4 gimnastika növü üzrə yarışlar müxtəlif məkanlarda keçirilir. Amma burada eyni məkanda keçiriləcək. Hətta 2 gimnastika növü üzrə yarışlar eyni vaxtda keçiriləcək".

Baş katib deyib ki, yarışların belə mürəkkəb olması təşkilatlar üçün bir qədər çətin olsa da, tamaşaçılar üçün çox maraqlı olacaq: "Mənə elə gəlir ki, biz bunun öhdəsindən gələcəyik".

O, qeyd edib ki, bu yarışlar Avropa Oyunları üçün test xarakterlidir: "Bakıda keçiriləcək Avropa Oyunlarında 20 idman növü ilə yanaşı, gimnastika da təmsil olunacaq. Buna görə də qərara gəldik ki, birgə açıq Azərbaycan çempionatına qonşu ölkələri də dəvət edək".

F.Qayıbov bildirib ki, Avropa Oyunlarına çox böyük maraq olduğu üçün hətta Avropa ölkələri ilə yanaşı, ABŞ, Qazaxıstan və digər ölkələrdən də iştirakçılar gələcək: "Ümumilikdə, 22 ölkənin iştirakı ilə yarışlar keçiriləcək. Artıq yarışlar sabahdan Milli Gimnastika Arenasında başlayacaq. Qeyd edim ki, bu gün Avropa Oyunları üçün bütün 6 gimnastika idman növü üzrə püşkatma mərasimi keçirilib".

O, əlavə edib ki, Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına biletlər pulsuzdur: "Milli Gimnastika Arenasına gələn tamaşaçılar biletləri oradan pulsuz əldə edə bilərlər".

F.Qayıbov vurğulayıb ki, tamaşaçılar bütün yarışları izləmək imkanı əldə edəcəklər: "Adətən, idman gimnastikası üzrə yarışlarda kişilərdə 6, qadınlarda isə 4 idman qurğusu olur. Bu dəfə də bu formata uyğun olaraq kişi idman gimnastikası və qadın idman gimnastikası yarışları eyni vaxtda keçiriləcək. Kişi gimnastikası üzrə idmançılar 3 idman avadanlığında, qadınlar isə digər ikisində çıxış edəcəklər. O ki qaldı bədii gimnastika və akrobatikaya, xalçalar tam ortada olacaq və Milli Gimnastika Arenasında oturan bütün azarkeşlər hər iki yarışı izləyə biləcəklər. Həmçinin aerobika və batut üzrə yarışları bütün tamaşaçılar izləyə biləcəklər. İnanıram ki, tamaşaçılar hansı yerdə oturmalarından asılı olmayaraq, gözəl bir gimnastika bayramının şahidi olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti