...

Rauf Məmmədov: Karlsen "Barselona" kimidir

İdman Materials 19 Aprel 2015 23:30 (UTC +04:00)
Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group-un təşkilatçılığıyla keçirilən ShamkirChess 2015 turnirində iştirak edən Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın rəsmi saytına müsahibə verib
Rauf Məmmədov: Karlsen "Barselona" kimidir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group-un təşkilatçılığıyla keçirilən ShamkirChess 2015 turnirində iştirak edən Azərbaycan şahmatçısı Rauf Məmmədov yarışın rəsmi saytına müsahibə verib.

- ShamkirChess 2015 turnirində 3 turdan sonra aktivinizdə 1,5 xal var. Son turda sabiq dünya çempionu Vladimir Kramniklə heç-heçə oynadınız. Bu partiya haqda nə düşünürsünüz?

- Aldığım vəziyyətdə çaşqınlıq yarandı. Öz oyunumdan razı qalmadım. Bəlkə də başqa gedişləri etməli idim. Ümumilikdə Vladimir Kramnik kimi şahmatçıyla heç-heçə oynamaq pis nəticə deyil. Lakin oyunumdan narazı qaldım. Bəzi vəziyyətlərdə düzgün gedişi tapa bilmədim. 3 turdan sonra 1.5 xal normaldı.

- Kramniklə görüşdə əsas məqsəd heç-heçə oynamaq idi, yoxsa...

- Məşqçim Aleksandr Xalifmanla oyuna hazırlaşanda özüm üçün lazımi məsləhətləri aldım. Əsas normal mübarizə sərgiləmək və düzgün oynamaq idi. İkinci turda Aniş Giriylə matçda çox yoruldum. 6 saata yaxın mübarizə mənə çox təsir etdi. Yorğunluq özünü göstərdi. Ona görə Kramniklə daha yaxşı oynamaq imkanım olmadı. İl yarım əvvəl Kramniklə daha yaxşı oynamışdım.

- Karyeranızda ilk dəfə belə güclü yarışda iştirak edirsiniz, bəlkə ona görə çətinlik yaranır...

- Əlbəttə, Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır. Mənim üçün çox güclü yarışdır. Fürsətdən istifadə edib məni dəvət etdikləri üçün təşəkkür edirəm. Azərbaycan çempionu kimi ShamkirChess2015 turnirinə dəvət aldım. Azərbaycan yığmasının heyətində güclü rəqiblərə qarşı çox oynamışam. Amma fərdi qaydada ilk mübarizəmdir. Belə turnirlərdə tez-tez iştirak etsəm daha çox təcrübə toplayaram.

- ShamkirChess 2015 turnirində növbəti rəqibin Uesli So olacaq. ABŞ təmsilçisi indi yarışın liderlərindən biridir...

- So yaxşı şahmatçıdır. Son dövrlər çox inamlı oynayır. Maykl Adamsa qalib gəlməklə heç də sürpriz etmədi. Çətin olsa belə yaxşı oynamağa çalışacam. Şəmkirdə asan mübarizə gözləmək olmaz. Hər tur mənim üçün çətindir. Bu sınaqdan çıxmağa qadir olduğumu göstərməliyəm.

- 10 şahmatçı arasında yekunda hansı pillədə qərarlaşmağı yaxşı nəticə hesab edəcəksən?

- Əsas odur ki, ilk onluqda olacam (gülür). İstənilən oyunla ilk onluqda qərarlaşacam. Çox istərdim bir qədər yaxşı nəticə göstərim. Çalışacam qarşıdakı turlarda hamını qələbəylə sevindirim. Sürpriz olsa belə qələbəm olsun.

- Yarış ərəfəsində Maqnus Karlsenin turnirin əsas favoriti olduğunu söyləmisən. Bu fikirdə qalırsan?

- Norveçli şahmatçı çox güclüdür. Karuananı qara fiqurlarla məğlub etdi. Əgər Karlsen yaxşı formadadırsa onu dayandırmaq çox çətindir. Bəlkə də növbəti 30 il heç kim şahmat tacını ondan almağı bacarmadı. Maqnus sanki bir neçə il əvvəl "Barselona" kimidir. O vaxt kataloniyalılar məğlubedilməz idi. Və ya ardıcıl dünya və Avropa çempionu olan İspaniya millisinə oxşatmaq olar. Karlseni da məğlub etmək çətindir.

- Azərbaycan yığmasının digər üzvü Şəhriyar Məmmədyarovun çıxışı istədiyi kimi alınmır. Problemi nədə görürsünüz?

- Məmmədyarov bəzən turnirə yaxşı başlayır, sonda pis oynayır. Bəzən isə əksinə. 3 turdan sonra fikir bildirmək düzgün deyil. Yalnız Karlsenə uduzub. Maqnusa çoxları uduzur. Bu normaldır. Məncə Şəhriyar qarşıdakı turlarda daha yaxşı oynayacaq.

- ShamkirChess 2015 Vüqar Həşimovun xatirəsinə keçirilir. Vüqarla bağlı hansı xatirəni bizimlə bölüşə bilərsən?

- Vüqar Həşimov güclü şahmatçı və yaxşı insan olub. Biz heç vaxt onu unutmuruq və unutmayacayıq. Əlbəttə yoxluğunu qəbul etmək çətindir. Təşkilatçılara təşəkkür edirəm ki, Vüqarın xatirəsinə belə yüksək səviyyəli yarış keçirirlər. Millidə olduğumuz zaman o həmişə bizə kömək olub. Vüqar millinin uğurları üçün çalışıb və həmişə qələbə qazanmağa çalışıb. Onun yoxluğu bütün dünya şahmatı üçün böyük itkidir.

Xəbər lenti

Xəbər lenti