...

Dünyada diabetli velosipedçilərin ilk peşəkar komandası Azərbaycana gəlib

İdman Materials 5 May 2015 17:21 (UTC +04:00)
Dünyada diabetli velosipedçilərin ilk peşəkar komandası "Team Novo Nordisk" yenidən Azərbaycana gəlib.
Dünyada diabetli velosipedçilərin ilk peşəkar komandası Azərbaycana gəlib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlkin İzzət/

Dünyada diabetli velosipedçilərin ilk peşəkar komandası "Team Novo Nordisk" yenidən Azərbaycana gəlib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, mayın 6-10-da keçiriləcək "Tour d'Azerbaïdjan-2015" veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda - Amerika Birləşmiş Ştatlarının "Team Novo Nordisk" komandası da iştirak edəcək. Diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, "Team Novo Nordisk"in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.

"Team Novo Nordisk" komandası keçən il "Tour d'Azerbaïdjan" veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.

Qeyd edək ki, mayın 6-da start götürəcək veloyürüşdə ümumilikdə 24 ölkənin 25 komandası iştirak edəcək. Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.

"Novo Nordisk" şirkəti Azərbaycan Diabet Cəmiyyəti ilə birlikdə, gənc diabetli insanların diabetin səviyyəsini yaxşı saxlmaqla nəyə qadir olmağını göstərmək məqsədilə, "Team Novo Nordiskə" dəstək olmaq üçün bir neçə tədbir həyata keçirəcək. Mayın 10-da veloturun finiş xətti yaxınlığında "Novo Nordisk"in tenti qurulacaq, diabetlə bağlı materiallarla tanış olmaq, həmçinin komandanın üzvləri ilə görüşmək imkanı yaradılacaq. Həmin gün, komandanın üzvləri ilə diabetli gənclərin görüşü keçiriləcək. Görüş zamanı diabetin nəzarətdə saxlanılmasında idmanın rolu barədə söhbət aparılacaq.

Komandanın yaradıcılarından biri Fil Santerland deyib ki, belə yarışlarda iştirak bizə gücümüzü daha da artırmağa imkan verir və bununla dünyaya göstəririk ki, diabetlə yaşayaraq öz arzularına çatmaq olar. Onun sözlərinə görə, yaxşı nəticələrə nail olmaqla, diabetlə yaşayanları ruhlandırmaq və diabetə nəzarət etməklə öz arzularına çatmağın mümkünlüyünü sübut etmək olar.

Komandanın üzvü Kris Uilyanıs isə qeyd edib ki, keçən il ilk dəfə "Tour d'Azerbaïdjan" veloyürüşündə iştirak edəndə Bakının nə üçün "Küləklər şəhəri" adlandırıldığı dərhal aydın oldu: "Kağız üzərində "Tour d'Azerbaïdjan" adi yarış kimi görünür, lakin küləkli hava şəraitində vəziyyət təmamilə fərqlidir. İndi mən daha təcrübəliyəm və yaxşı hazırlaşdığıma inanıram. "Tour d'Azerbaïdjan"da iştirak etdiyim üçün çox sevinirəm".

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının statistikasına əsasən, hazırda dünyada 387 milyon insan diabetlə yaşayır və ehtimal olunur ki, bu rəqəm 2035-ci ilə qədər artaraq 592 milyona çatacaq. Azərbaycanda isə diabetli insanların sayı 220 mindən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti