...

Akademik avarçəkənlərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

İdman Materials 29 May 2015 20:49 (UTC +04:00)
Bu gün Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürüb.
Akademik avarçəkənlərimiz Avropa çempionatında mübarizəyə başlayıblar

Azərbaycan, Bakı, 29 may /Trend/

Bu gün Polşanın Poznan şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürüb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı 4 avarçəkən təmsil edir. Onların hamısı ilkin mərhələdə 3-cü yeri tutaraq, yarımfinala vəsiqə uğrunda təsəlli yürüşlərinə vəsiqə qazanıblar.

Mübarizəyə ilk olaraq Cavid Əfəndiyev başlayıb. 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşdə onun rəqibləri Rayko Hrvat (Sloveniya), Mads Rasmussen (Danimarka), Nunu Mendeş (Portuqaliya) və İrji Kovalski (Polşa) olub. C.Əfəndiyev məsafənin yarısını 2-ci keçsə də, finişə 7 dəqiqə 9,680 saniyəyə çatıb. O, ilk 2 yerin sahibi kimi birbaşa yarımfinala yüksələn Hrvat (06:57.880) və Kovalskidən (07:06.630) geri qalıb. Təsəlli yürüşündə Təmsilçimizin rəqibləri Qabor Sepregi (Macarıstan), Ask Yarl Tyom (Norveç), Panagiotis Maqdanis (Yunanıstan) və Mads Rasmussen (Danimarka) olacaq. Yürüşdə ilk 3 yeri tutanlar yarımfinala yüksələcəklər.

Ardından start xəttinə İqor Luçiç - Boris Yotov dueti çıxıb. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə onların rəqibləri Julius Hirtsberger - Klemens Obrext (Avstriya), Marko Maryanoviç - Aleksandr Filipoviç (Serbiya), Oleq Qonorovski - Fani Fridman (İsrail) və Nils Yakob Hoff - Kyetil Borx (Norveç) duetləri olub. Finişə 6 dəqiqə 36,820 saniyəyə çatan azərbaycanlı cütlük birbaşa yarımfinala yüksələn Norveç (06:23.340) və Serbiya (06:29.550) təmsilçilərindən geri qalıb. Təsəlli yürüşündə onların rəqibləri Yeqor Mazyarkin - Filip Pavukov (Belarus), Yanez Zupan - Qasper Fistravets (Sloveniya), Zıgimantas Qalisanskis - Martinas Dziauqis (Litva), Bendequs Petervari-Molnar - Gergeli Papp (Macarıstan) və David Qrabovski - Adam Visensyak (Polşa) duetləri olacaq. İlk 2 yeri tutanlar yarımfinala çıxacaqlar.

Yeniyetmələr və gənclər arasında dünya çempionu Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə seçmə yürüşdə də 3-cü olub. O, Andriya Slyukiç (Serbiya), İoan Prundyanu (Rumıniya), Hannes Obreno (Belçika) və Markus Kesslerlə (İsveçrə) mübarizədə məsafənin yarısınadək öndə olub. Lakin tədricən üstünlüyünü əldən verən A.Aleksandrov finişə 7 dəqiqə 11,150 saniyəyə çatıb. O, birbaşa yarımfinala yüksələn Obreno (07:02.020) və Prundyanudan (07:04.880) geri qalıb. Saat 19:30-da başlanacaq təsəlli yürüşündə avarçəkənimizin rəqibləri Andriya Slyukiç (Serbiya), Anders Bakeus (İsveç), Robert Ven (Finlandiya), Dmitri Xmılnin (Rusiya), Rangel Katsarski (Bolqarıstan) olacaq. İlk 2 yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti