...

"Şot" verib heyiflərini millidən çıxanlar

İdman Materials 4 Sentyabr 2015 22:00 (UTC +04:00)
Futbolda istər milli, istərsə də klub səviyyəsində rəqib komandalara o qədər uduzmuş, uğursuzluğa düçar olmuşuq ki, hər hansı qələbə seriyamıza və kiçik uğurlarımıza belə inanmaqda çətinlik çəkirik.
"Şot" verib heyiflərini millidən çıxanlar

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Futbolda istər milli, istərsə də klub səviyyəsində rəqib komandalara o qədər uduzmuş, uğursuzluğa düçar olmuşuq ki, hər hansı qələbə seriyamıza və kiçik uğurlarımıza belə inanmaqda çətinlik çəkirik. İnanmadığımız üçün də ağla sığan və sığmayan bəhanalərlə futbol meydanında qazandığmız xallara kölgə salmağa çalışırıq.

Bu dəfə Azərbaycan-Xorvatiya oyununun qolsuz bərabərliklə yekunlaşması "Azərbaycansayağı" mülahizələr yürüdənlər üçün göydəndüşmə oldu. Nədir bu "Azərbaycansayağı" mülahizələr? Guya Xorvatiya ilə oyun pulla alınıb, yaxud 1 xal Niko Kovaçın komandasının həmyerlilərinin Robert Prosineçkiyə hədiyyəsidir.

Bu fikirlər "Neftçi" 2012-ci ildə Avropa Liqasının təsnifat mərhələsində səfərdə Kiprin "Apoel" klubunu 3:1 hesabı ilə məğlub edərək qrup mərhələsinə düşəndə və Berti Foqtsun baş məşqçisi olduğu Azərbaycanın Avropa çempionatının seçmə mərhələsində Almaniya ilə qarşılaşmaları öncəsi də səslənmişdi. Guya "Neftçi"nin sponsoru olan SOCAR maliyyə böhranından əziyyət çəkən Kipr yunanlarına "hörmət" edib. Yaxud almanlar 1996-cı ildə ölkəsini Avropa çempionu etmiş Foqtsun "yaxşılığını" unutmayaraq millimizə xal verəcək.

Bəs nə oldu? Yığmamız Foqtsun rəhbərliyi altında 2010-cu ildə səfərdə Almaniyaya 1:6, 2011-ci ildə evdə isə 1:3 hesabı ilə məğlub oldu. Bu, həmişə mız axtaranlara bir cavab. Digər cavab isə "Qarabağ" və "Qəbələ"dən gəldi. Ardıcıl iki ildir Avropa Liqasının qrup mərhələsinə düşən "Qarabağ" və bu il ilk dəfə eyni uğuru təkrarlayan "Qəbələ" "Neftçi"nin həmin uğurunun təsadüfi olmağını göstərdi.

Pulla bir xal almaqda hansı məntiq var? Yoxsa 1 xal bizə Fransaya getməyimizə kömək edəcək? Bu cür mülahizə yürüdənlər yalnız dar düşüncənin sahibidirlər. Söhbət Avropa çempionatından gedir. Düzdür, dünyada, o cümlədən Avropada danışılmış oyunlar olur. Ancaq onlar da böyük "oynayır"lar.

Azərbaycan-Xorvatiya matçına gəlincə, Prosineçki həmyerlilərinin oyununu yaxşı təhlil etmişdi. Belə yığma ilə açıq futbol oynamağın intihara bərabər olduğunu anlayan baş məşqçi oyunu müdafiədən qurmuşdu. Ağıllı müdafiə olunan milli rəqibin kəsərli hücumlarının qarşısını ala bildi. Kamran Ağayev, demək olar, işsiz qalmışdı.

Digər tərəfdən, Xorvatiya bu seçmə mərhələdə səfərdə rəqiblərə qarşı oyunlarda çətinliklərlə üzləşir. Səfərdə Bolqarıstanı minimal hesabla məğlub edən Xorvatiya İtaliya ilə 1:1 oynayıb. Prosineçkinin gəlişindən sonra isə yığmamız 3 oyuna 5 xal qazanıb. Evdə Maltanı 2:0 hesabı ilə məğlub edən, Xorvatiya ilə heç-heçə oynayan Azərbaycan səfərdə də Norveçlə qolsuz bərabərliyə qalıb.

Millinin tənqid ediləsi tərəfləri çoxdur: hücumda effektsiz oynamaq, təkbətək mübarizələrdə çox vaxt uduzmaq, topu özündə saxlaya bilməmək və s. Ancaq yığmanın cüzi də olsa uğuruna ləkə yaxmaq həmin uğurun qazanılmasında az-çox əməyi olanların zəhmətinə hörmətsizlikdir.

Həmin insanların niyə bu cür düşündüklərini yalnız bir şeylə izah etmək olar. Yəqin onlar klublarımızın və ya millimizin böyük ehtimalla uduzacağını nəzərə alaraq, rəqib komandanın qələbəsinə böyük "şot" veriblər və yekunda uduzublar. Bu da onları incidir.

Xəbər lenti

Xəbər lenti