...

Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başlayıb (FOTO)

İdman Materials 4 Sentyabr 2015 17:18 (UTC +04:00)
Bu gün Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb.
Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb. Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu və Nizami rayon İdman Məktəbini təmsil edən 36 gimnast iştirak edir.

Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə və Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov yarış iştirakçılarını salamlayıb.

Yarışlarda yeniyetmələr proqramı və yaş qrupları üzrə kişi, qadın və qarışıq cütlüklər, həmçinin triolar medallar uğrunda mübarizə aparacaq.

Trioya Azərbaycanın akrobatika yığmasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarının iştirakçıları Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova daxildir.

A.Hüseynzadənin sözlərinə görə, əvvəlki yarışlarla müqayisədə iştirakçıların səviyyəsi artıb: "Deyə bilərik ki, dünya səviyyəli idmançılarımız var. Onların əksəriyyəti Bakı Gimnastika Məktəbini təmsil edir. Onlar Azərbaycanı Avropa Oyunlarında təmsil edən triomuz və kişilərdən ibarət cütlükdür. İdmançıların artistlik qabiliyyəti yüksək səviyyədədir. Onların çıxışını, kompozisiyalarını və ifalarını yüksək qiymətləndirirəm. Xoreoqrafiyada olduğu kimi, akrobatikada da güclü olan qarışıq cütlüklərimiz də perspektiv vəd edir. Onların böyük gələcəyinin olduğunu düşünürəm".

Qeyd edək ki, sentyabrın 5-də akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin final mərhələsi keçiriləcək. Nəticələrə uyğun olaraq idmançılar medal və hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti