...

Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov Bakıda idman gimnastikası üzrə ilk Dünya Kubokundan danışdı

İdman Materials 8 Fevral 2016 16:59 (UTC +04:00)
Azərbaycanlı gimnastların Bakıda keçirilmiş I Avropa Oyunlarında uğurlu çıxışı sayəsində Azərbaycanda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi barədə qərar qəbul edilib.
Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov Bakıda idman gimnastikası üzrə ilk Dünya Kubokundan danışdı

Bakı. Trend:

Azərbaycanlı gimnastların Bakıda keçirilmiş I Avropa Oyunlarında uğurlu çıxışı sayəsində Azərbaycanda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi barədə qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov "Vestnik Kavkaza"ua fevralın 19-da start götürəcək FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku - Bakıda idmanın bu növü üzrə ilk beynəlxalq turnirlə bağlı müsahibəsində deyib.

Avropa Gimnastika İttifaqının vitse-prezidenti xatırladıb ki, Bakıda I Avropa Oyunları yarışlarında gimnast Oleq Stepko beşqat mükafatçı və Oyunların beş medalını qazanmış yeganə azərbaycanlı idmançı oldu. F.Qayıbov qeyd edib ki, bununla da idmanın bu növü ölkəmizdə daha populyar idman növü oldu və Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən idman gimnastikası üzrə Dünya Kubokunu keçirmək qərarı alındı: "Fevralın 19-da başlayacaq yarışlar idmanın bu növü üzrə Azərbaycanda ilk Kubok olacaq: biz indiyədək belə yarışları yalnız bədii gimnastika üzrə keçirirdik. Bundan başqa, bu Dünya Kuboku həmin turnirlərin mövsümünü açır".

Avropa Gimnastika İttifaqının vitse-prezidentinin sözlərinə görə, Kubokun medalları uğrunda 19 ölkədən idmançılar yarışacaq ki, bu da belə növ yarışlar üçün olduqca çoxdur. Bununla belə, F. Qayıbov dəqiqləşdirib ki, arzu edənlərin hamısı Bakıya gələ bilməyəcək: "Bu il ağır olacaq, çünki avqustda Rio-de-Janeyroda Olimpiya Oyunları baş tutacaq. Bundan başqa, tezliklə Avropa çempionatı olacaq, apreldə isə Olimpiya Oyunları ərəfəsində sınaq turniri keçiriləcək. Məsələ burasındadır ki, idmançıların hamısı Olimpiadaya hələ lisenziya almayıb və onların bir qismi apreldə Rioda bu hüququ qazanmağa çalışacaq. Digər tərəfdən, fevral mövsümün başlanğıcıdır və hamı hələ ona hazır deyil".

F.Qayıbov bildirib: "Biz ilk dəfədir belə yarışları keçiririk, lakin çox güman ki, daha əvvəl Azərbaycanda təşkil etdyimiz yarışlar, o cümlədən I Avropa Oyunları bizi daha da populyar etdi. Nəticədə ölkəmizə iki idmançı gələcək - Yaponiyadan olan dünya çempionları, üstəlik, onlardan biri Kendzo Sirai üçqat dünya çempionudur. Avropa ölkələrindən savayı, Braziliya, Kanadadan, yəni digər materiklərdən olan gimnastlar Azərbaycana gələcək".

Avropa Gimnastika İttifaqının vitse-prezidenti vurğulayıb: "Hesab edirəm ki, publikamıza bu yarışlar olduqca maraqlı olacaq. Yarışlarda həm kişi, həm də qadın idman gimnastikasında tanınmış idmançıları görmək mümkün olacaq".

Azərbaycan yığmasının bu yarışlarla bağlı planlarından danışan F.Qayıbov ilk növbədə O.Stepkonunun adını çəkib: "O, ötən il dünya çempionatında paralel qollarda medal qazandı və onun I Avropa Oyunlarında etdiklərindən sonra plankanı aşağı salmaq olmaz. Buna görə də əlbəttə ki, ona güvənirik, publika ondan medallar gözləyir".

Azərbaycan Gimnastika Federasiyasının baş katibi əlavə edib ki, O.Stepkonun komanda yoldaşı Petro Paxnyuk da çalışacaq, o da kifayət qədər güclü idmançıdır və bu turnirə hazırlaşır: "Oleq Stepkonun Olimpiya Oyunlarına artıq lisenziyası var, Petro isə apreldə onun uğrunda mübarizə aparacaq".

F.Qayıbov Azərbaycan Gimnastika Federasiyasının yaxın bir neçə il ərzində keçirmək niyyətində olduğu yarışlar barədə də danışıb: "Belə ki, martın 5-6-da Bakıda ilk dəfə batutda tullanma üzrə Dünya Kuboku baş tutacaq. Biz iki il əvvəl bu idman növünü inkişaf etdirməyə başladıq, lakin artıq I Avropa Oyunlarında bir medal qazandıq".

Avropa Gimnastika İttifaqının vitse-prezidentinin sözlərinə görə, iyulda Olimpiya Oyunları ərəfəsində bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək: "Biz 2003-2005-cı illərdə idmanın bu növü üzrə Dünya Kubokunu təşkil etmişik və həmçinin bunun üzrə Avropa çempionatını və dünya çempionatını qəbul etdik. Bədii gimnastika olduqca populyardır və zallar dolur. Lakin fikirləşirəm ki, idmanın digər növləri də bunun kimi populyarlıq qazanacaq".

Bundan başqa, yaxın illərdə Azərbaycanda bir sıra ən yüksək səviyyəli yarışlar keçiriləcək. Yarışlar belə iri yarışları qəbul etməyə imkan verən Milli Gimnastika Arenasında keçiriləcək. F.Qayıbov diqqətə çatdırıb: "Bu yaxınlarda Avropa Gimnastika İttifaqı 2018-ci ildə batutda tullanma üzrə Avropa çempionatının keçirilməsini Azərbaycana etibar etmək qərarı alıb ki, bu yarış da Bakıda keçiriləcək. Daha əvvəl Beynəlxalq Gimnastika Federasiyası 2019-cu il bədii gimnastika üzrə dünya çempionatını Azərbaycanda keçirmək barədə qərar vermişdi".

Qeyd edək ki, FIG "Challenge" seriyalı idman gimnastikası üzrə Dünya Kuboku yayda İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında 19-21 fevral tarixlərində keçiriləcək. Kubokda 19 ölkəni təmsil edən 46 kişi və 22 qadın gimnast yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq. İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti