...

Həyatsevər insanlar haqqında düşünərkən...(FOTO)

İdman Materials 11 Fevral 2016 17:50 (UTC +04:00)
Trend İdman Mədəniyyəti və maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının məsul katibi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Səlhət Abbasovanın Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş məqaləsini təqdim edir:
Həyatsevər insanlar haqqında düşünərkən...(FOTO)

Trend İdman Mədəniyyəti və maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının məsul katibi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Səlhət Abbasovanın Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş məqaləsini təqdim edir:

Bakı. Trend:

İnsanların bacarıq və qabiliyyətlərinin ümumiyyətlə yaranışdan, hətta sağlamlıq vəziyyətindən asılı olmayaraq fəqrli olduğunu etiraf etməliyik. Lakin, sivil cəmiyyətdə qanunvericiliklə təsbit edilmiş bərabər hüquqların təmin edilməsində, qeyri-bərabər yanaşma yolverilməzdir.

Təəssüf ki, cəmiyyətin inkişafına yönəlmiş qanunvericilik aktlarının tətbiqinə və səmərəliliyinə sədd qoyan əsas amillərdən biri, bəlkə də ən başlıcası müvafiq qanunvericiliyin tətbiqini qəbul etməyə hazır olmayan ictimai təfəkkür və mövcud steriotiplərdir.

Əlbəttə, hər zaman alışdığımız yanaşmadan irəli gələrək yenidən, "bunu dövlətin icra qurumları və müvafiq institutları etməlidir", deyə bilərik. Lakin, cəmiyyətin mütəfəkkir insanları, hər bir vətəndaş, xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək verməyi özünə borc bilməlidir. Burada bir haşiyəyə çıxaraq qeyd edək ki, bu dəstək yalnız mərhəmət və şəfqət göstərmək yanaşmasından daha çox onların qanunamüvafiq fundamental hüquqlarının təminatına, potensiallarının üzə çıxarılması və özünürealizə etmək üçün imkanların yaradılmasına yönəlməlidir.

Cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlar qrupuna müxtəlif seqmentlərlə yanaşı əlilliyi olanlar da daxildir. Yalnız, bu insanlar arasında öz şücaəti, əqli, bacarığı, yaradıcılıq qabiliyyəti ilə seçilən şəxslərlə qarşılaşdıqda əmin olursan ki, hər hansı hərəki və ya sağlamlıq problemləri insanın ictimai fərd kimi cəmiyyətdə yerini, özünüinkişafını və ictimai faydalılığını məhdudlaşdırmır. Əsl məhdudiyyət bərabər hüquqlar haqqında bəsit biliyə malik, vəzifəsinə uyğun məsuliyyətini dərk etməyərək əlliliyi olan insanların sərbəst hərəkətinə müvafiq şəraitin yaradılmaması ilə onları cəmiyyətdən təcrid olunmaq faktı qarşısında qoyan icraçılar və ətrafda bu vəziyyətin dəyişməsinə passiv münasibət bildirən cəmiyyətin praktik sağlam hesab edilən üzvləridir.

Praktik sağlam insanların əlilliyi olanlardan öyrənməli olduğu çox şeylər vardır. Bunu, xüsusilə, Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə hazırlıq ərəfəsində hiss etdim. 1996-cı ildə ilk dəfə Atlanta Paralimpiya Oyunlarında yalnız Atletika idman növündə, iki nəfər idmançı ilə təmsil olunan Milli Paralimpiya Komandamız, son London Paralimpiya Oyunlarında artıq beşi qadın olmaqla iyirmi bir idmançı ilə altı idman növündə təmsil olunmuş, on iki medal (4 qızıl, 5 gümüş və 3 bürünc) qazanaraq 164 dövlətin iştirak etdiyi Oyunlarda ümumi nəticədə 27-ci yerdə qərar almışdır. Bu nəticə yarım əsrdən çox mövcud olan möhtəşəm idman hərəkatında qısa dövr ərzində fəaliyyət göstərən bir təşkilat üçün əldə edilmiş böyük qələbə idi.

Paralimpiyaçıları tam obyektiv olaraq əsl qəhrəman, onlarla çalışan və onlara dəstək verən insanları isə əsl fədakar adlandıra bilərik. Çünki onlar öz səyləri, inadkarlığı, istedadı ilə nəinki rəqiblərinə qalib gəlmiş, eləcə də öz tərəddüdlərini aşmış, səddləri, steriotipləri qırmış, minlərlə əlillik problemi olanlara nikbinlik bəxş etmiş, özünəinam yaradaraq həyata qaytarmışlar. Praktik sağlam olub, özünə çərçivə quran, qeyri fəal, azhərəkətli həyat tərzini seçərək özünü süni məhdudlaşdıran, cəmiyyətdən təcrid edən insanlara da gözəl özünüinkişaf nümunəsi olmuşlar.

Azərbaycan Milli Pralimpiya Komitəsinin yubileyi çərçivəsində tədbirlərdə iştirak edən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreyven Azərbaycan Uşaq Paralimpiyasının nümayəndələri ilə keçirdiyi görüşdə öz həyat hekayəsini danışaraq, iştirak edənlərə "nə edə bilmərik haqqında deyil, nə edə bilərik haqqında düşünməyi" tövsiyə etdi.
O, Azərbaycan Paralimpiya Komitəsinin gördüyü işlərə böyük dəyər verdiyini, Azərbaycanda Paralimpiya Hərəkatının inkişafını yalnız elit idmanın inkişafında deyil, həm də geniş sosial tərəqqi aspektindən irəlilədiyini müşahidə etdiyini söylədi. Yubiley münasibəti ilə yüksəklikdən ektremal tullanma yerinə yetirən, yubiley tədbirində əlil arabasında füsünkar rəqs nümayiş etdirən, ifası ilə qonaqlarda xoş ovqat yaradan, tədbirdən xüsusi reportajlar hazırlayan (Arabaçı TV), bacarıqla ünsiyyət qurub gələcək inkişaf yollarından bəhs edən müəyyən fiziki məhdudiyyətli dostlarımız bir daha idmanın cəmiyyətə təsiretmə qüvvəsini və fərdin inkişafındakı rolunu aydın göstərdi.

Ölkəmizdə Paralimpiya Hərəkatının müvəffəqiyyətinin başlıca səbəblərindən biri, onun həm dövlət dəstəyi, həm də ictimai qurumlarla əməkdaşlıq əsnasında fəaliyyəti ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə ölkəmizdə Paralimpiya hərəkatının inkişafında xüsusi xidmətləri olmuş şəxslərin mükafatlandırılması haqqında sərəncamı, cəmiyyətdə böyük rəğbətlə qarşılandı və əminik ki, bu hərəkatın davamlı inkişafı üçün ruh yüksəkliyini və əməkdaşlıq perspektivlərini daha da artıracaqdır.

Bütün paralimpiyaçılarımızı və ümumən cəmiyyətimizi bu möhtəşəm inkişafla təbrik edir, hər bir vətəndaşımıza məhdudiyyətsiz düşünmək və geniş imkanlar əldə etməyi arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti