...

"Ferrari əsl inqilaba hazırlaşır" (FOTO/VİDEO)

İdman Materials 12 Fevral 2016 16:58 (UTC +04:00)
Skuderiyanın mühəndisləri azarkeşlərə yeni mövsümdə yeni motorların səsini qiymətləndirmək şansı veriblər.
"Ferrari əsl inqilaba hazırlaşır" (FOTO/VİDEO)

Bakı. Trend:

Skuderiyanın mühəndisləri azarkeşlərə yeni mövsümdə yeni motorların səsini qiymətləndirmək şansı veriblər.

Trend-in "F-1.az" saytına istinadən verdiyi məlumata görə, 667 indeksi almış yeni motor iki gün Maranelloda işə salınıb. Dünən "Ferrari" komandasının rəsmi səhifəsində bu proseduru əks etdirən videoçarx yerləşdirilib. Düzdür, motor maksimal dövriyyələrdə işləməsə də, azarkeşlər videoya baxmaqla yeni motorların qarşıdakı mövsümdə səslənməsini eşidə bilərlər.

Amma bu ildən tətbiq olunan qaydalara əsasən, yeni motorun səsinin kifayət qədər artdığı hiss olunur. Bu il motordan işlənmiş qazları çıxaran boruya əlavə qapaq qoyulub. Hərçənd nəzərə almaq lazımdır ki, videonun çəkilişi qapalı məkanda aparılıb və akustik effekt də hiss olunur. Ona görə də yeni motorların əsl səsini bir neçə gündən sonra başlayacaq mövsümöncəsi sınaqlarda eşidə biləcəyik.

Ferrari-nin yeni güc qurğusu tam dəyişdirilib

Məşhur Corcio Piolanın eksklüziv təsviri də göstərir ki, Ferrari əsl inqilaba hazırlaşır:

1. Keçənilki SF15-T böyük interkuler turbomotorun silindr bloklarının arasında idi. Qarşıdakı mövsümdə onun radiatorlarının sahəsi məhsuldarlığı artırmaq üçün böyüdüləcək - motorun dartı qüvvəsini artırmaq üçün böyük təzə hava kütləsi lazımdır. Riski azaltmaq üçün interkuler iki yerı bölünüb. Böyük hissə şassinin içində yanacaq çəninin üzərində yerləşəcək, balaca hissə isə sol pantonun içərisinə yerləşdirilib.

2. İstilik enerjisinin MGU-H motor-generatoru yeganə detaldır ki, elə əvvəlki yerində qalacaq.

3. Kinetik enerjinin MGU-K motor-generatoru keçən il ötürmələr qutusunun qarşısında idi, bu il isə sol pantona köçürülməklə mühərrik səviyyəsində yer alacaq. "Renault" və "Mercedes" motorlarında MGU-K elə əvvəldən sol pantonda idi.

Ferrari-nin yeni güc qurğusu tam dəyişdirilib

4. Yağ çəninin də yeri dəyişdirilib - yeni maşında çən daha aşağıdadır və kifayət qədər enlidir, məhz bunun sayəsində şassinin ağırlıq mərkəzi aşağı salınıb.

5. Ferrari-nin yeni motoru dəyişən uzunluğa malik buraxıcı kollektorlarla təchiz olunacaq. Keçənilki motorda bu kollektorlardan istifadə etmək mümkün deyildi, çünki silindr blokunun arasında interkuler var idi. Eyni kollektorlar keçən il "Mercedes" motorlarında çox effektiv tətbiq olunmuşdu. Bu cür kollektorlar yanma kamerasına tam daxil olduqları üçün yanacaq-hava qarışığı daha keyfiyyətli yanmaya məruz qalır.

6. Keçənilki maşında istifadə olunan ilişmə muftası bu dəfə birləşdirici valın köməyi ilə ötürmələr qutusunun içinə yerləşdirilib.

Mühəndislərin fikrincə, bu yerdəyişmələr motorun gücünü artırmaqla yanaşı, şassinin arxa hissəsini aerodinamik etməklə daha çox asfalta yatma qüvvəsi əldə etmək mümkün olacaq. Bütün bu deyilənlər hələlik yalnız hesablamaların nəticəsidir, real vəziyyəti isə 10 gündən sonra trasda biləcəyik. Bəlkə də Avstraliyaya qədər bilməyəcəyik.

Xəbər lenti

Xəbər lenti