...

Fransa – bayram bayrama qarışıb

İdman Materials 11 İyun 2016 21:34 (UTC +04:00)
İyunun 10-dan dünyanın diqqəti Fransaya yönəlib. Bu diqqət düz bir ay boyunca davam edəcək.
Fransa – bayram bayrama qarışıb

Bəxtiyar Hacıyev - Trend:

İyunun 10-dan dünyanın diqqəti Fransaya yönəlib. Bu diqqət düz bir ay boyunca davam edəcək. Səbəb əksəriyyətin "futbol bayramı" adlandırdığı futbol üzrə Avropa çempionatının (Avro-2016) keçirilməsidir.

Lakin hələ "bayram" başlamamış Fransa tətillər və daşqınlarla da diqqəti özünə çəkdi. Tətillərə səbəb insanlar idi. Artıq yazın əvvəllərindən başlayan etirazlar Əmək Məcəlləsinə dəyişikliklərlə əlaqədardır. Hakimiyyətin qənaətincə, bu islahatlar ölkədə yeni iş yerlərinin açılması ilə nəticələnəcək. Bununla belə, yeni qanun layihəsi bir sıra tədbirlər görülməsini də nəzərdə tutur ki, bura müəssisələrdə iş saatının artırılması və işçilərin ixtisara salınması prosedurunun sadələşdirilməsidir.

Məhz son iki müddəa etirazlara yol açdı.

Artıq 3 aydır ki, ölkədə etirazlar, nümayişlər səngimir: tətil edənlər arasında tələbələr, pensiyaçılar, neft emalı zavodu və atom elektrik stansiyasının işçiləri, kommunal xidmət əməkdaşları, eləcə də dəmiryolçular var. Bu gün isə "növbə" "Air France" pilotlarına çatıb.

Tətillərin Avro-2016 boyunca davam edəcəyi istisna deyil.

Bəzən hüquq-mühafizə orqanlarının əməkdaşları söz və sərbəst toplaşma azadlığını ayaqlar altına alaraq adətən dinc şəkildə keçirilən nümayişlərə nadinc müdaxilələr edirlər.

...Daşqınlara səbəb isə təbiətdir. Ayın əvvəlindən daşqınlar ölkənin mərkəzini cənginə aldı. Təbiət hadisəsi nəticəsində ölən və yaralananlar oldu. Bir neçə min nəfər evlərindən təxliyə olundu, 10 minlərlə insan işıqsız qaldı.

Hətta Parisdə Sena çayında suyun səviyyəsi iyunun 4-nə keçən gecə pik həddə - 6,1 metrə çatdı. Bu, son 34 ildə rekord göstəricidir.

Neqativ hadisələrin fonunda, futbolun dünyada ən populyar idman növü olduğunu nəzərə alsaq, Avro-2016-nın bütün bu problemləri və fəsadları unutduracağı gözləniləndir. Hər halda, oxşar hadisələr ən yeni tarixdə dəfələrlə qeydə alınıb.

Və nəhayət, "futbol bayram"ı başladı. Əvvəlcə sadə açılış mərasimi keçirildi...

...Sonra da çempionatın ilk oyunu baş tutdu. Fransa Rumıniyanı çətinliklə də olsa, 2:1 hesabı ilə məğlubiyyətə uğratdı. Təbii ki, bu qələbəyə görə fransızların sevincinin həddi-hüdudu yoxdur. Necə deyərlər, ölkədə bayram bayrama qarışıb.

P.S. İyunun 12-də Türkiyə yığması Bakı vaxtilə saat 17:00-da Xorvatiya ilə qarşılaşacaq. Ümid edirik ki, qələbə qardaş ölkəyə nəsib olacaq. Təkcə fransızların deyil, bizim də sevinməyə haqqımız var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti