...

"Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək" (FOTO)

İdman Materials 25 İyun 2016 12:40 (UTC +04:00)
Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurublar.
"Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək" (FOTO)

Bakı. Trend:

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurublar.

Olimpiadanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yığmamızın üzvü Şəhriyar Məmmədyarov təlim-məşq toplanışını yüksək qiymətləndirib: "Yığma üzvlərinin birgə hazırlıq keçməsi müsbət haldır. Bildiklərimizi bir-birimizlə bölüşürük. Rəqiblər haqqında müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə, hazırlığın milliyə çox böyük faydası olacaq. Milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak edirlər. Ona görə də ünsiyyətimiz az olur. Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. Hətta idmanla məşğul olmağa da vaxtımız oldu. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri böyük həvəslə yarışa hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidini doğrultmaq istəyirik".

Teymur Rəcəbov bildirib ki, Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir: "İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. İlk hazırlıq mərhələsi yaxşı keçdi. Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Şahmatçı kimi biz millimizin layiqli çıxış etməsi üçün çalışacağıq".

Arkadi Naydiç millinin üzvləri üçün ideal şərait yaradıldığını qeyd edib: "Qəbələdəki hazırlıq komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır".

Eltac Səfərli deyib: "Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə, avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq".

Rauf Məmmədov isə bildirib ki, hazırlıq planına əsasən üç təlim-məşqləri olacaq: "İlk belə hazırlıq Qəbələdə keçdi. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti