...

Baş məşqçi: Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər

İdman Materials 18 İyul 2016 17:33 (UTC +04:00)
Azərbaycan gimnastlar Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər.
Baş məşqçi: Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastlar Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər. Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marina Vasileva deyib.

Onun sözlərinə görə, Azərbaycanı bədii gimnastika üzrə Dünya Kubokunun finalında fərdi hesabda komandamızın lideri Marina Durunda və Jalə Piriyeva, eləcə də Siane Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Çələbi və Ayşən Bayramovadan ibarət qrup komandası təmsil edəcək.

M.Vasileva azərbaycanlı gimnastların maksimum səy göstərəcəklərini gözlədiyini deyib: "Bu, qrup komandası üçün cari ildə ən əsas startdır. İnanıram ki, onlar heç nəyə baxmayaraq, ən güclü komanda olduqlarını göstərəcəklər. M.Durunda üçün bu, Olimpiada ərəfəsində əsas sınaq məşqidir. Çünki o, doğma zalında, şəhərində, ölkəsində tamaşaçıları qarşısında çıxış edəcək və bu, çox məsuliyyətlidir. Jalə Piriyeva isə göstərməlidir ki, gənc yaşına (böyüklər arasında proqramda ilk ilidir) baxmayaraq, o, güclü və perspektivli gimnastdır".

Baş məşqçi qeyd edib ki, azərbaycanlı gimnastların bütün proqramları maraqlı və mürəkkəbdir: "Marina həmişə lentlə uğurla çıxış edir. Bu, yəqin Azərbaycan musiqisinin sədası altında çıxış etdiyinə görədir ki, bu da onun çox xoşuna gəlir. Jalə Piriyevanın isə top və gürzlərlə çox çətin proqramları var. Ümid edirik ki, onları uğurla icra edəcək".

M.Vasileva deyib ki, Dünya Kubokunun final mərhələsi çox geniş tərkibli olacaq: "Yarışın qrup və fərdi hesablarında güclü idmançılar iştirak edəcəklər. Dünya çempionu Yana Kudryavtseva, eləcə də Marqarita Mamun və Aleksandra Soldatova, güclü Rusiya, İtaliya, Bolqarıstan, Çin, Yaponiya və İspaniya yığmaları gələcəklər. Bakıda ən güclü idmançılar iştirak edəcəklər. Çünki bu onlar üçün Rio olimpiadası ərəfəsində son sınaq məşqləridir".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti