...

Şahmat dünyasının tarixi eksponatları Bakıda (FOTO)

İdman Materials 27 Avqust 2016 11:01 (UTC +04:00)
Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq.
Şahmat dünyasının tarixi eksponatları Bakıda (FOTO)

Bakı. Trend:

1-14 sentyabr tarixində Bakı şəhərində keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Rusiya Federasiyasının Şahmat Muzeyi tərəfindən sərgi keçiriləcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, olimpiadanın tamaşaçılarına Kristal Zalda təşkil olunacaq sərgidə iştirak etmək üçün unikal imkan verilir. Bu sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.

Sərgidə hind çaturanqa, İran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

Qeyd edək ki, 18 avqust 1956-ci il tarixində Moskva şəhərində Qoqol bulvarında əsas Şahmat Mərkəzi açılıb. 24 il sonra isə Şahmat Mərkəzinin binasında dünyada ilk olan şahmat muzeyi açılıb. Muzey eksponatlarının bir hissəsini SSRİ-nın ən tanınmış şahmat kolleksionerı piterli Vyaçeslav Dombrovskinin kolleksiyası təşkil edib. Kolleksiya 40 il ərzində yığılıb və yalnız şahmat dəstlərindən deyil, həmçinin rəsm, heykəl və plakatlardan ibarətdir.

Muzeyin birinci direktoru, sənətşünas Nataliya İvanova və şahmat tarixçisi, qrossmeyster Yuri Averbax tərəfindən "Şahmatniy vestnik" və "Şahmatı v Rossii" jurnallarında yazılan məqalələr ölkənin şahmat sevərlərini ən maraqlı eksponatlarla tanış edib.

Muzeyin kolleksiyasını nadir antikvar eksponatlar fərqləndirir. Misal üçün, muzeyin kolleksiyasında olan rus avanqardının nadir nümunəsi “Şimal heyvanları Cənub heyvanlarına qarşı” adlı farfor dəst hətta xüsusi incəsənət muzeylərində yoxdur. Blokadaya məruz qalan Leninqrad şahmat dəsti, birinci “Kosmos-Yer” matçı zamanı istifadə olunmuş şahmat dəsti kimi mənəvi dəyər daşıyan dəstlər də kolleksiyanın vacib hissəsidir.

Muzeyin qüruru sovet və rusiyalı şahmatçıların əldə etdiyi mükafatlardır, çünki belə çoxsaylı mükafatlar dünyanın heç bir muzeyində mövcud deyil. Qonaqlar üçün ən cəlbedici eksponatlardan biri 1984-ci il Karpov-Kasparov matçı zamanı istifadə olunan masadır: bu günə kimi burada həmin bayraqları, saatları, şahmat hərəkətlərini qeyd etmək üçün blank və təxirə salınmış partiyalar üçün artıq istifadə edilməyən zərfi müşahidə etmək olar.

Lakin muzey binasının kiçik və qəzalı vəziyyətdə olması sərgilərin baş tutmasına problem mane olmağa başladı. Nəhayət, 25 sentyabr 2014-cü il tarixində Muzeyin kolleksiyası ona layiq olan yenidən təmir olunan sərgi zallarına yerləşdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti