...

Güləş üzrə dünya çempionatını Azərbaycan yığması ikinci yerdə başa vurub (YENİLƏNİB) (FOTO)

İdman Materials 24 Sentyabr 2016 20:59 (UTC +04:00)
Makedoniyada keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.
Güləş üzrə dünya çempionatını Azərbaycan yığması ikinci yerdə başa vurub (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Makedoniyada keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

MOİK mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən çempionatda Azərbaycan yığması ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.

Çempionatda Rusiya Federasiyası 61 xalla birinci, Ukrayna isə 52 xalla üçüncü yerə layiq görülüblər.

Sərbəst və yunan-Roma güləş növləri üzrə yarışlarda iştirak edən idmançılarımız 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edib.

X X X

20:03

Hərbçi güləşçilərimiz Makedoniyada ümumilikdə 9 medal qazandı.

MOİK mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb.

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da mübarizə aparan yunan-Roma güləşçiləri yarışıblar. Azərbaycan hərbçi güləşçiləri ilk 3 çəki dərəcəsində mübarizə aparıb. Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilərimiz 2 medal qazanıb.

80 kq-da mübarizə aparan Rafiq Hüseynov Yunanıstandan Nikolaos Varkas, Makedoniyadan Qoran Atanasov, yarımfinalda isə Ukraynadan Andrey Belıx üzərində qələbə qazanıb. Finalda Almaniya idmançısı Paskal Ayzellə görüşdə minimal hesabla uduzan güləşçimiz çempionatın gümüş medalına sahib olub.

85 kq çəkidə yarışan İslam Abbasov ardıcıl olaraq Albaniyadan Alban Necay, Ukraynadan Aleksandr Şişman və Əlcəzairdən Aem Bucemli üzərində qələbə qazanaraq finala yüksəlib. Rusiyalı Yevgeni Saleyevlə qarşılaşan güləşçimiz gərgin keçən final görüşündə 3:4 hesabı ilə uduzub və o da çempionatı gümüş medalla başa vurub.

Xatırladaq ki, hərbçilərin dünya çempionatında yunan-Roma güləşi yarışlarının ilk günündə komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdılar. Daha əvvəl isə sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç - bir qızıl, bir gümüş və bir bürünc əldə etmişdilər. Bir sözlə, hərbçi güləşçilərimiz Makedoniyadakı dünya çempionatından vətənə 9 medalla (2 qızıl, 4 gümüş, 3 bürünc) qayıdacaq. Nümayəndə heyəti sabah səhər saatlarında vətənə qayıdacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti