...

9 ildə qazanılan 63 qızıl, 49 gümüş, 80 bürünc - YEKUN

İdman Materials 28 Noyabr 2016 12:28 (UTC +04:00)
Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edib.
9 ildə qazanılan 63 qızıl, 49 gümüş, 80 bürünc - YEKUN

Bakı. Trend:

Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, budəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. Belə ki, bu yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı paytaxtımıza təşrif buyurmuşdu.

Güləş üzrə yığma komandalarımız həmişə olduğu kimi, bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı.

Yarışın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusunun əsasən gənc güləşçilərə şans verdiyini nəzərə alsaq, nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.

İkinci yarış günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıblar. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusu da heyətə daha çox gənc güləşçiləri daxil etmişdi. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.

Son yarış günündə yunan-Roma güləşiləri arasında qaliblər müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 7 medal qazanıblar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.

9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıblar. Yunan-Roma güləşçilərimizin 9 ildə qazandığı medalların sayı isə 75 olub. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır.

Ötən illərdə keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə əsasən, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı il də daxil olmaqla, qazanılan ümumi medalların sayı 192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti