...

Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçiləri elan olunub (FOTO)

İdman Materials 26 Dekabr 2016 16:58 (UTC +04:00)
2017 Formula 1 Azərbaycan Qran Prisinə 6 ayın qalması münasibəti ilə keçirilən tədbirdə yarışın rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub.
Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçiləri elan olunub  (FOTO)

Bakı. Trend:

2017 Formula 1 Azərbaycan Qran Prisinə 6 ayın qalması münasibəti ilə keçirilən tədbirdə yarışın rəsmi yerli elçiləri ictimaiyyətə təqdim olunub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, əməkdar artistlər Tünzalə Ağayeva və Murad Dadaşov, məşhur müğənni Miri Yusif, Formula 1 üzrə şərhçi Rəhim Əliyev və azərbaycanlı Formula 3 pilotu Gülhüseyn Abdullayev rəsmi elçi olaraq gələn il Bakıda keçiriləcək sayca ikinci Formula 1 Qran Prisini təmsil edəcəklər.

Tünzalə Ağayeva Azərbaycan Qran Prisinin ölkədə tanıdılması işlərində yaxından iştirak edəcək, Murad Dadaşov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubuna öz dəstəyini göstərəcək, Miri Yusif könüllülərlə birgə çalışaraq onların yarışa yüksək əhval-ruhiyyədə hazırlanmasına öz töhfəsini verəcək, Rəhim Əliyev Formula 1 ilə əlaqədar sahib olduğu təcrübə və biliyi ölkə ictimaiyyəti ilə bölüşərək Azərbaycanda yarışa maraq oyatmağa çalışacaq və Gülhüseyn Abdullayev mübarizə apardığı avtoidman yarışlarında Bakı Şəhər Halqasını təmsil edəcək, Azərbaycanın beynəlxalq arenada daha geniş ictimaiyyətə təqdim olunmasında fəal iştirak edəcək.

BŞH-nın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quluyeva rəsmi elçilərə dəstəklərinə görə minnətdarlığını bildirərək, onlara uğurlar arzu edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. 23-25 iyun 2017-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə tam 6 ay qalıb. Biz bu gün yarışın rəsmi elçilərini elan etməklə ictimaiyyətin maarifləndirilməsinə dair fəaliyyətimizi daha da genişləndiririk. Bildiyiniz kimi, bu elçilərdən dördü ilə ötən ildən etibarən əməkdaşlıq edirik və onlar Bakıda keçirilmiş ilk Formula 1 yarışının təbliğatına böyük töhfə veriblər. Biz çox məmnunuq ki, onların sıralarına gənclərimizin ən sevimli müğənnilərindən biri olan Miri Yusif də qatılır. İnanırıq ki, bu komanda ilə Azərbaycanın adını Formula 1 yarışı ilə daha yüksəklərə qaldıracağıq. Fürsətdən istifadə edərək hamını 2017 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edirəm. Hal-hazırda sizlər üçün ən sərfəli qiymətlərə - 30 faizədək endirimli qiymətlərə biletlər təklif olunur. Həmvətənlərimizi bu kampaniyadan yararlanmağa və gələn mövsümün ən baxımlı yarışını birgə izləməyə çağırıram”.

Formula 1 yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və “Amapola Exclusive Events”-in birgə təşkilatçılığı ilə, Fəvvarələr meydanında yerləşən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında baş tutan konsert proqramında 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi elçilərindən əməkdar artist Tünzalə Ağayeva və müğənni Miri Yusif öz ifaları ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti