...

Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik

İdman Materials 18 Yanvar 2017 16:03 (UTC +04:00)
Qurban Qurbanov Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.
Qurban Qurbanov: "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ı Azərbaycanda gözləyirik

Bakı. Trend:

Son 3 ildə Azərbaycan çempionu olan və ölkəni son 3 mövsümdə avrokuboklarda təmsil edən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.

Trend-in məlumatına görə, 9 ildir Ağdam təmsilçisini çalışdıran Q.Qurbanov müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən 24 ildir matçlarını paytaxt Bakıda keçirmək məcburiyyətində qalan "Qarabağ" klubundakı hər kəs öz torpağında oynamağı arzulayır:

"Avrokuboklarda mübarizə aparırıq, amma Avropanın tanınmış komandalarını öz torpaqlarımızda qarşılaya bilmirik. Lakin ümidimizi itirməmişik... Sağ olsun azarkeşlərimiz, bizi heç vaxt tək qoymurlar. Məğlub olanda da yanımızdadırlar. Avrokubok oyunlarında isə bütün Azərbaycan bizi dəstəkləyir".

Azərbaycanda Türkiyə futboluna böyük marağın olduğunu xatırladan Q.Qurbanov əlavə edib: "Azərbaycanda Türkiyə klublarına, xüsusilə də "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"a azarkeşlik edirlər. Bu səbəbdən də bu üç böyük komandanı Azərbaycanda gözləyirik. Təbii ki, bu klublarla avrokuboklarda qarşılaşmaq daha maraqlı olardı".

Baş məşqçi ən çox bəyəndiyi türk futbolçunun Almaniyanın "Bayer Leverkuzen" klubunda oynayan Hakan Çalhanoğlu olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti