...

Yaponiya nümayəndə heyətinin başçısı: Bakıdakı Milli Gimnastika Arenası ən çox sevdiyim idman qurğularından biridir (FOTO)

İdman Materials 16 Fevral 2017 13:41 (UTC +04:00)
"Bakıdakı Milli Gimnastika Arenası ən çox sevdiyim idman qurğularından biridir".
Yaponiya nümayəndə heyətinin başçısı: Bakıdakı Milli Gimnastika Arenası ən çox sevdiyim idman qurğularından biridir (FOTO)

Bakı. Maksim Tsurkov, Ənvər Məmmədov - Trend:

"Bakıdakı Milli Gimnastika Arenası ən çox sevdiyim idman qurğularından biridir".

Bunu Trend-ə batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Yaponiya nümayəndə heyətinin başçısı Norifumi Yamamoto deyib.

O qeyd edib ki, Yaponiya komandası Dünya Kubokuna geniş heyətdə gəlib: “Biz ümid edirik ki, yarışlarda bütün qüvvəmizi göstərəcəyik. Ötən il biz Bakıda Dünya Kubokunda iştirak etmişik və hər şey xoşumuza gəlmişdi. Bu il qərara aldıq ki, daha geniş tərkibdə gələk. Ümid edirik ki, daha yaxşı çıxış edəcəyik”.

N.Yamamoto bildirib ki, Gimnastika Arenasında kürsü yüksəkdədir, ona görə də azarkeşlər və hakimlər yarışları daha rahat izləyə biləcək: “Bu arena dünyada ən sevdiyim idman qurğularındandır. Bu, 2017-ci ildə ilk yarışdır. Bəzi qaydalar dəyişib, ona görə də bu Dünya Kuboku bizim üçün çox vacibdir”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti