...

Sloveniya gimnastı: Bakıda Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub (FOTO)

İdman Materials 16 Mart 2017 13:47 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub.
Sloveniya gimnastı: Bakıda Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda idman gimnastikasə üzrə Dünya Kuboku ən yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə Sloveniyanın Dünya Kubokunda təmsil edən gimnast Teja Belak deyib.

Qadınlar arasında dayaqda tullanmada iştirak edən sloveniyalı gimnast bildirib: "Burada idmançılar üçün yaradılmış şəraitdən, ümumiyyətlə yarışların təşkilatçılarından çox məmnunam".

Gimnast ilk çıxışından çox da razı qalmadığını vurğulayaraq növbəti mərhələlərdə daha yaxşı çıxış etmək üçün səylərini artıracağını bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti