...

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibləri mükafatlandırılıb (FOTO/VİDEO)

İdman Materials 28 Mart 2017 14:50 (UTC +04:00)
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibləri mükafatlandırılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, “Azəryol” bürünc, “Azərreyl” gümüş, “Telekom” klubunun heyəti isə qızıl medallarla mükafatlandırılıb. “Telekom”a qızıl medalları Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovla gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. C.Qurbanov və federasiyanın vitse-prezidenti Faiq Qarayev, həmçinin “Rabitəçilər”ə çempionluq kubokunu veriblər.

Tədbirdə çıxış edən AVF-nin prezidenti C.Qurbanov bildirib ki, bu gün yeni uğurun, yeni başlanğıcın təməli qoyulur: “Voleybol Azərbaycanda bir çox əfsanəvi insanların adı ilə də bağlıdır. Onlardan Vaqif Əliyev, Faiq Qarayev buradadır. Azərbaycan ərazisinə görə çox böyük olmasa da, 25 illik müstəqillik dövründə inamlı qələbələrə imza atıb. Azərbaycan voleybolu da dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin tapşırığı ilə qələbələrə doğru addımlayır. Bir vaxtlar Olimpiya Oyunlarında qələbə Azərbaycan üçün xəyal kimi görünürdü. Amma artıq idmançılarımız Olimpiadalardan yüksək əyarlı medallarla qayıdırlar”.

O, Azərbaycan voleybolçularının bu il iştirak edəcəkləri böyük yarışlarda uğur qazanacağına inam ifadə edib: “Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Avropa çempionatının final və dünya çempionatının seçmə oyunları keçiriləcək. Ardınca arzu edirəm ki, Olimpiya Oyunlarında iştirak edək. Bu səbəbdən bütün voleybolçulardan uğurlu çıxış gözləyirəm. Lisenziya uğrunda birgə çalışacağıq. Siz böyük işlər görmüsünüz. Bu gün şadam ki, komandalarımızın baş məşqçiləri azərbaycanlı gənclərdir. Yığmaya 30-a yaxın azərbaycanlı qızın çağırılması böyük fərəh hissidir. Bu gün bizim ehtiyat qüvvəmiz var. Bunu birgə qazanmışıq. Hesab edirəm ki, daha da yaxşı olacaq”.

Qalib komandaları təbrik edən C.Qurbanov yığma üzvlərinin hər birinə Olimpiya çempionluğu arzulayıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirin müavini İsmayıl İsmayılov da mükafatçıları nazirlik adından təbrik edib. O bildirib ki, voleybol Azərbaycanda populyar idman növünə çevrilib və qadınlardan ibarət yığma komandamız ölkəmizin idman şərəfini layiqincə qoruyur: “İnanıram ki, xanım voleybolçularımız Azərbaycanı növbəti Olimpiya Oyunlarında təmsil edəcəklər”.

Tədbirdə 2016/2017-ci il mövsümünün simvolik yığması da açıqlanıb. İlk dəfə olaraq qızıl medallara yiyələnən “Telekom”un iki oyunçusu da simvolik komandada yer alıb.

Qeyd edək ki, çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk (“Azəryol”) olub. “Azəryol”un digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı toppaylayıcı mövqedə birinci olub. Ümumilikdə, “doqquzluq”da çempion “Telekom”, həmçinin ikinci yeri tutan “Azərreyl” və bürünc medalçı “Azəryol” 2 oyunçu ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti