...

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Sabirabada yetişib

İdman Materials 14 Aprel 2017 10:36 (UTC +04:00)
Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu dünən Sabirabada yetişib.
Bakı-2017: "Xəzərdən başlayan səyahət" Sabirabada yetişib

Bakı. Trend:

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu dünən Sabirabada yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər Sabirabadda yerləşən Kür-Araz çayı ovalığı ətrafında tədbir keçirilib. Kür-Araz ovalığı ölkənin iki ən böyük çayının – Kürün və Arazın qovuşduğu yerdir. Bu ərazi şimalda Böyük Qafqaz dağları, qərbdə Kiçik Qafqaz dağları və cənubda Talış dağları ilə həmsərhəddir.

Su mərasimi futbol və rəsm həvəskarı Tahir Quliyev, MMA üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və sərbəst güləş üzrə Avropa Çempionatının qızıl medal mükafatçısı Seyfulla Mehdiyev tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib. Sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Bakıdan səyahətə başlayan səhəng mayın 12-də Bakı Olimpiya Stadionunda baş tutacaq "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Sabirabad Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə - “Sport joys – Regional idman tədbiri” keçirilib. "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının ulduz səfirləri Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov da iştirak ediblər. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri "Mirvari" rəqs qrupu, Sərxan Baxşıyev, Zoya Məmmədova və Şamil Sabirabadlının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar. Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən sərbəst güləş üzrə Avropa Çempionatının qızıl medal mükafatçısı Seyfulla Mehdiyev deyib: “Hər bir kəsi, xüsusilə də gənc idman azarkeşlərini "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında millimizi dəstəkləməyə dəvət edirəm. Yüksək nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, Siz bizimlə fəxr edəsiniz”.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 15 aprel tarixində Ağcabədi rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti