...

Milli Qəhrəmanımız gül-çiçək və döyüşlə anıldı (FOTO)

İdman Materials 13 Aprel 2017 19:00 (UTC +04:00)
A.Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun idman ustası vəsiqəsini şəhidin atası Salman Qurbanova təqdim etdi.
Milli Qəhrəmanımız gül-çiçək və döyüşlə anıldı (FOTO)

Bakı. Trend:

Qusarda bahar təravətli bir gün. Şəhərdə fərqli ab-hava var. Hamı bu gün əlamətdar bir şeyin olacağını gözləyir. Bakıdan da çoxlu qonaqlar gəlib. Deyirlər şəhərdə maraqlı tədbir olacaq. Özü də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun şərəfinə...

O Çingiz Qurbanov ki, 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə qəhrəmancasına şəhid olub. O, Çingiz Qurbanov ki, ermənilər onun nəşini 38 gün girov saxlayaraq yalnız 2017-ci il fevralın 5-də Azərbaycan tərəfinə təhvil veriblər...

X X X

Aprelin 12-də isə Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı və KİVDF-nin informasiya dəstəyi ilə onun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir keçirildi.

Əvvəlcə, AKF rəhbərliyi, millət vəkilləri, media nümayəndələri və yerli ictimaiyyət şəhid Çingiz Salman oğlu Qurbanovun Qusar şəhər qəbiristanlğındakı məzarını, daha öncə isə ulu öndər Heydər Əliyevin, daha sonra Şəhidlər abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoydular.

X X X

Turnir isə şəhərin ən hündür yerində yerləşən Qusar Olimpiya İdman Kompleksində oldu. Tamaşaçılar kompleksi ağzınacan doldurmuşdular.

Tədbir çıxışlarla başladı. Əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış etdi. Daha sonra AKF prezidenti, Milli Məclisin deputatı Adil Əliyev turnirin gənclərin vətənpərvərlik ruhunu yüksəldilməsində önəmli rol oynayacağından danışdı. AKF prezidenti qeyd etdi ki, Çingiz Qurbanov Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq: "Çingiz Qurbanov kimi gənclərə ehtiyacımız var. O, Kikboksinq Federasiyasının idmançısı olub. Biz onunla fəxr edirik. Gənclər Çingiz kimi vətənpərvər olmalıdır".

Sonra A.Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun idman ustası vəsiqəsini şəhidin atası Salman Qurbanova təqdim etdi.

Şəhidin kikboks üzrə müəllimi Vüsal Səfiyev isə dedi ki, Çingiz Qurbanovun şərəfinə rayonda "Alov" Kikboksinq klubu yaradılıb. Şəhidin üzvlük vəsiqəsini isə atası Salman Qurbanova təqdim etdi.

Şəhid atası Salman Qurbanov göstərilən bu diqqət və qayğıya görə ölkə prezidentinə, ictimaiyyətə və təşkilatçılara minnətdarlığını bildirdi.

Tədbirdə kikboksinq üzrə müxtəlif uğurlar əldə etmiş idmançılar və bu idman növününün Azərbaycandakı inkişafında əməyi olan şəxslər diplom və fəxri fərmanlarla təltif olundu.

Azərbaycan xüsusi təyinatlı hərbçilərinin hamı tərəfindən maraq və sürəkli alqışlarla qarşılanan nümunəvi çıxışlarından sonra yarış başladı. İdmançılar 7 çəki dərəcəsində mübarizə apardılar. Sonra onlardan Elşad Ələsgərov (57 kq), Elşən Qəniyev (64 kq), Turan Qədimov (67kq), Rəhim Əliyev (71 kq (low kik)), Alişan Aslanlı (81 kq (k1)), Emil Mövsümzadə (75 kq (k 1)), Bəhrəm Rəcəbzadə (91 kq (k1)) turnirin qalib oldular.

Qaliblərə kubok və mükafatlar təqdim olundu.

Qeyd edək ki, şəhid döyüşçünün xatirəsinə həsr olunan turnirin bundan sonra ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti