...

Məşqçi: Bədii gimnastika üzrə milli komandada əhval-ruhiyyə çox yaxşıdır (FOTO)

İdman Materials 20 Aprel 2017 14:26 (UTC +04:00)
Dünya Kuboku ərəfəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasında əhval-ruhiyyə çox yaxşıdır.
Məşqçi: Bədii gimnastika üzrə milli komandada əhval-ruhiyyə çox yaxşıdır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Dünya Kuboku ərəfəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasında əhval-ruhiyyə çox yaxşıdır.

Bunu Trend-ə qrup çalışmaları üzrə komandanın məşqçisi Meylya Basrieva deyib.

Onun sözlərinə görə, komanda böyük səylə yarışlara hazırlaşır:

“Qızlar yaxşı hazırlaşıb, ona görə də komandada əhval-ruhiyyə yüksəkdir. Gözləntilərimiz ondan ibarətdir ki, əvvəlcə qızlar yaxşı çıxış etsinlər, öz kompozisiyalarını göstərsinlər. Əlbəttə ki, biz medal gözləyirik”.

Gimnastlar isə öz proqramları barədə danışıblar.

Millinin üzvü Diana Doman proqramın iki müxtəlif kompozisiyadan ibarət olduğunu deyib: “Birinci proqram üçün musiqini biz təsadüfən seçmişik. İkinci proqram üçün isə Federasiya əfsanəvi “Ulduz müharibələri” filmindən musiqini təklif edib. Bu fikir həm bizim, həm də Mariana Vasilevanın çox xoşuna gəldi. Bu il artıq biz bu kompozisiyalarla iki dəfə çıxış etmişik”.

Gimnastlar həmçinin, Dünya Kuboku ilə bağlı gözləntilərini də paylaşıblar.

Ayşən Bayramova medal qazanmaq istədiklərini deyib: “İlk növbədə biz yaxşı çıxış gözləyirik. Əlbəttə ki, medallar qazanmaq istəyirik”.

Komandanın kapitanı Siyana Vasileva isə qeyd edib ki, qızlar tamaşaçılardan qüvvətli dəstək gözləyirlər: “Ümid edirəm ki, onlar bizə görə sevinə biləcəklər. İstərdik ki, tamaşaçılar bədii gimnastikanı anlamağa başlasın. Məsələn, İspaniyada tamaşaçı başa düşür və alətin itməsinə, ya da çətin elementin icrasına emosional şəkildə reaksiya göstərir. İstərdik ki, burada da belə olsun”.

O, komanda üçün əsas yarışların may ayında "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları, sentyabrda isə Dünya çempionatının olduğunu deyib: “Bu yarışlara tam hazır olmağa çalışacağıq. İndi hazırlıq 50 faizdən çoxdur”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək. Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı
alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı
Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti