...

Media-menecer: Gimnastika üzrə videoçarxlar təkcə reklam yox, həm də ismarıcdır (FOTO)

İdman Materials 20 Aprel 2017 16:24 (UTC +04:00)
İdman üzrə reklam çarxlarının çəkiliş prosesində əsas məqsəd bu idman növləri barədə tamaşaçıya ismarıc verməkdir
Media-menecer: Gimnastika üzrə videoçarxlar təkcə reklam yox, həm də ismarıcdır (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

İdman üzrə reklam çarxlarının çəkiliş prosesində əsas məqsəd bu idman növləri barədə tamaşaçıya ismarıc verməkdir.

Bunu Trend-ə media-menecer Radeli Vişnevski deyib.

Hazırda San-Fransiskoda rejissorluq təhsili alan R.Vişnevski Bakıda keçirilmiş idman gimnastikası və batut gimnastikası üzrə dünya kubokları üçün çarxlar çəkmişdi. O, həmçinin gələn həftə Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda nümayiş etdiriləcək bütün videoçarxların müəllifidir.

“Ulduz müharibələri” filminin motivləri əsasında hazırlanan videoçarxın çəkiliş prosesindən danışan R.Vişnevski deyib ki, o, filmin ideyasını gimnastika xalçasına və gimnastların üzərinə köçürüb. Çarxda çəkilənlər bu filmin personajları kimi geyinib. Onun sözlərinə görə, bu videoçarx “Facebook” və “Youtube”da çox bəyənilib və təkcə Azərbaycan Gimnastika Federasiyası yox, həm də dünya gimnastika ictimaiyyəti onun əməyini yüksək qiymətləndirib.

R.Vişnevski qeyd edib ki, Dünya Kubokunda tamaşaçılara nümayiş etdiriləcək promo-çarxda həmçinin yerli və xarici gimnastların ifasında vaxt sayımı yer alacaq: “Gimnastika üzrə çarxların çəkilişi prosesində mən gimnastlarla çox ünsiyyətdə oluram ki, onların fikrini öyrənim və hər gimnastika növünün məğzini başa düşüm. Bu yolla mən bunu tamaşıçalara ötürə bilirəm”.

Media-menecer bildirib ki, gimnastikada videoçarxların əsas məqsədi insan bədəninin imkanlarını nümayiş etdirməkdir: “Gimnastika çox zərif idman növüdür və bunu tamaşaçılara qısametrajlı filmlər vasitəsilə təqdim etmək lazımdır. Biz elə etməyə çalışırıq ki, tamaşaçı təkcə reklamı yox, həm də ideyanı görsün”.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup
hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı
alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı
Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti